Premyer Liqada “Araz-Naxçıvan” fırtınası əsir.
Yayda ciddi dəyişikliklərə imza atan Muxtar Respublika təmsilçisi göstərdiyi nəticələrlə futbol ictimaiyyətini təəccübləndirməkdə davam edir.
Çempionatın açılış oyununda, avqustun 2-də“Qarabağ”a uduzan “ağ-qırmızılar” o gündən bu yana 4 aydır, 14 oyundur məğlub olmur. Üstəlik, Premyer Liqada son 5 matçın hamısını qələbə ilə başa vurub.
Uğurun sirri nədir? Niyə bu komandanı heç kim uda bilmir?
Komandanın aparıcı siması, çempionatın bombardiri Felipe Santos bu barədə Sportinfo.az-a danışıb:
“Çox yaxşı kollektiv yığılıb. Ailə kimiyik, hamı bir şeyi düşünür – uğur qazanmaq.
Diqqətli və ağıllı oynayırıq. Məşqçilər heyətinin verdiyi tapşırıqları düzgün yerinə yetirməyə çalışırıq.
Hər qarşıdan gələn oyuna final matçı kimi baxırıq. Ona görə də məqsədimiz yalnız və yalnız qələbə qazanmaq olur.
“Turan Tovuz”a qalib gəldik, sabahdan “Səbail”lə oyunu və növbəti 3 xalı düşünəcəyik. Bu şəkildə davam etmək istəyirik.
İnanıram ki, sona qədər indiki kimi mübarizə aparmaqla mövsümü üst pillələrin birində başa vuracağıq. Bunun üçün gücümüz var”.
15 turdan sonra aktivində 36 xal olan Naxçıvan təmsilçisi turnir cədvəlinin ilk pilləsində qərarlaşıb (“Neftçi” - “Qarabağ” görüşünün nəticəsi nəzərə alınmayıb – H.).
HƏBİB