“Araz-Naxçıvan” prinsipial qarşılaşmada “Turan Tovuz”u məğlub etməyi bacardı.
Mübarizəli idman şəraitində keçən oyunda təhlükəli vəziyyətlərin sayı çox olmasa da, naxçıvanlılar rəqib futbolçuların kobud səhvindən istifadə edib istəyinə çatdı.
Matç başa çatandan sonra Sportinfo.az-a açıqlama verən Felipe Santos qələbə təəssüratlarını bölüşüb:
“Bu cür havada oynamaq çox çətindir. Külək topu rahat qəbul etməyimizə, topla irəliləməyimizə imkan vermirdi. Bunun üçün də baxımlılıq yox idi, hücum edə bilmirdik, əsasən döyüşürdük.
Oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Çətinliklə də olsa, bunu bacardığımız üçün xoşbəxtəm”.
Görüşdə vurulan yeganə qolun müəllifi bombardirlik bacarığını bir daha göstərməklə komandasını uğura daşıdı.
Maraqlıdır, Felipe oyundan əvvəl “Turan Tovuz”un qapısına yol tapacağını təxmin etmişdi? Daim rəqib müdafiəçilər tərəfindən diqqətdə saxlanan braziliyalı bunu necə bacardı?:
“Birinci hissədə rəqib futbolçular topu qəbul etməyimə imkan vermirdilər. Hər dəfə başımı qaldıranda ətrafımda üç nəfəri görürdüm. Bu da mənə çətinlik yaradırdı.
Öz gücümə inanıram. Hər zaman qol vurmaqla, məhsuldar ötürmə verməklə komandama fayda verməyə çalışıram.
Bu dəfə də əmin idim ki, şans yaransa, vuracağam. Gec də olsa həmin imkanı yaxalayan kimi lazım olan qolu vurdum. Buna baxmayaraq, öz oyunumdan tam razı qalmadım”.
27 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 15 oyunda vurduğu 8 qolla bombardirlər siyahısına başçılıq edir.
HƏBİB