"Araz-Naxçıvan" Premyer Liqanın 15-ci turunda öz meydanında "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
Sportinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:
- Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. "Turan Tovuz" bu mövsüm iddialıdır, meydanda yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik.
- Xal fərqini bir az da artırdınız. Bir qədər rahatlıq olacaq?
- İlk turdan gərginlik yoxdur. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli, təcrübəli kollektivimiz var. Komandamız daha da məzmunlu oynamağa çalışacaq.
"Araz-Naxçıvan" birinci liqada oynayanda baş məşqçi Əsgər Abudllayev idi. Azarkeşlər ona deyirdilər ki, "1:0 olsun, bizim olsun" prinsipindən vaz keçin. Sizdə də belədir. Bu məqam sizi narahat etmir ki?
- Jurnalistlərdə belə fikir formalaşıb ki, "Araz-Naxçıvan" həmin prizmadan yanaşır. Amma görürük ki, komanda hücumdadır. Hər oyunda 6-7 epizoda giririk, dəyərləndirmədə axsamalar var. Komanda şəklində məşqlərdə işlədiyimiz elementləri oyunda görürük. Qarşıdakı matçlarda hücum planında daha kreativ ola bilərik.
- Bazar günü "Neftçi" - "Qarabağ" matçı var. Hansı nəticənin qeydə alınmasını istəyirsiz?
- Daha çox öz komandamıza köklənmişik. Futbolçulara da deyirəm ki, daha çox özümzü düşünək.
- Bu mövsüm Kurban Berdiyevi artıq iki dəfə məğlub etmisiz. Təcrübəli mütəxəssisi məğlub etməyiniz sizin özünüzə məşqçi kimi özünəinam verir?
- Bu suala ikitərəfli yanaşmaq olar. Mən özüm futbolçulardan güc alıram. Məşq prosesində həmin enerjini komandada görürəm. Onlar mənə güc verirlər. Yanaşmaları, istəkləri ilə. Biz də qarşılıqlı şəkildə bunu onlara qaytarırıq.