COP29

Bu adamdan nəinki Berdiyev, heç fələk də baş açmır

20:00 Araz-Naxçıvan 454
Bu adamdan nəinki Berdiyev, heç fələk də baş açmır

Premyer Liqanın 15-ci turu "Neftçi" "Qarabağ" derbisi ilə yadda qalacaq.

Amma turnir cədvəli baxımından mərkəzi oyun Mərdəkanda keçiriləcək.

"Araz Naxçıvan" "Turan Tovuz"u qonaq edəcək.

Meydan sahibləri 13 turdu məğlubiyyət nə olduğunu bilmir. Bu matçlarda Elmar Baxşıyevin kollektivi 3 dəfə bərabərliyə üzülübsə, 10 qarşılaşmada qələbə onların tərəfində olub.

33 xalla ikinci pillədə qərarlaşan Muxtar respublika təmsilçisi mövsümdə yeganə məğlubiyyətini birinci turda lider "Qarabağ"dan alıb.

İşin maraqlı tərəfi odur ki, budəfəki rəqib heç "Qarabağ"a da məğlub olmayıb. "Turan" "Araz"dan fərqli olaraq liderlə oynadığı iki görüşdə də meydandan xalla ayrıla bilib - 1:0, 0:0.

Kurban Berdiyevin komandasının mövsümdə aldığı yeganə məğlubiyyət məhz naxçıvanlılardan olub - 1:2.

Özü də Tovuzda.

Bir sözlə, Qurban Qurbanovla duellərdən belə üzüağ çıxan 72 yaşlı mütəxəssisin kefinə soğan doğramağı yalnız Elmar Baxşıyev bacarıb.

Son 3 görüşdə qələbəyə həsrət qalan Qərb təmsilçisi 27 xalla üçüncü pillədə yer alır.

"Bozqurdlar" qələbə qazanmaqla həm mövqeyini yaxşılaşdırmış olacaq, həm də "Araz"ın uzun seriyasına son qoymaqla Tovuzdakı məğlubiyyətin revanşını almış olacaq.

Bu, o qədər asan başa gələsi iş deyil.

Bu gün Baxşıyev elə bir planla gedir ki, ondan nəinki Berdiyev, heç fələk də baş açmır.

"Qəbələ"də şən futbolu ilə könülləri oxşayan təcrübəli mütəxəssis bu gün nəticə üçün 90 dəqiqə çevirmədiyi oyun qalmır.

Bacarıqlı çalışdırıcı lazım olanda oyuna sürət verir, alınmayanda qapanır.

Fərdi ustalığı yüksək olan oyunçulardan maksimum istifadə etmək fərasəti də öz yerində.

Qazanılan 10 qələbədən 9-nun minimal hesabla əldə olunması təsadüf yox, məhz onun bu mövsümkü dəsti-xəttinin aynasıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti