Məğlubiyyətsiz oyunlar seriyasını 13-ə çatdırmaq.
Qələbə seriyasını 10-a çatdırmaq.
Bu 13 həftədə cəmi 3 heç-heçə etmək.
Və cəmi 1 məğlubiyyət almaq…
Yəqin ki, «Araz-Naxçıvan» tarixinin ən yaxşı dönəmini yaşayır.
Və yəqin ki, Muxtar Respublikanın klubu bu tarixi bir daha təkrarlaya bilməyəcək.
Heç şübhəsiz, mövsümün komandası adına ən real və ən layiqlisi «Araz-Naxçıvan»dır. Bu ünvanı onlar kiməsə hədiyyə etmək istəməyəcəklər.
Açığı, bəndəniz Zaur Axundovla Elmar Baxşıyevdə bu qərarlığı, iradəni görür.
Və bəyənir.
Niyə bəyənməyim, «Araz»ın nəticələri əladır. Zaur Axundov davamlı maliyyə dəstəyi ilə kollektivə sabitlik gətirib.
Ciddi ölçüdə hansısa problem/sıxıntı yaşamırlar. Oyunu ud, al pulunu.
Qələbə qazandığı oyunun ertəsi günü böyük miqdarda mükafatını stolunun üstündə görən futbolçunu növbəti 3 xala görə motivasiya etməkdən ötrü çənə-boğazdan çıxmağa gərək qalmır.
Bu mənada Elmar Baxşıyevin işi rahatdır. Uğurlu oyunlar bir-birini əvəzlədikcə, onun üzərindəki təzyiq də azalır.
İstənilən məşqçidən maraqlanaq, deyəcək, rəhbərlik mənim üzərimə az gələrsə, çox iş görərəm.
Elmar Baxşıyev bu gün həmin çox işi görür.
Ləyaqətlə görür.
Düzgünlüklə görür.
Doğru transfer siyasəti, doğru yanaşma «Araz»ı onun komandası edib.
ELXAN