"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlama verib.
O, milli komandaların oyunları ilə bağlı yaranmış iki həftəlik fasiləni dəyərləndirərkən bunun yetirmələri üçün faydalı olduğunu dilə gətirib:
"Oktyabr ayındakı fasilədən sonra Premyer Liqa klubları arasında ən çox oyun keçirən bizim komandamız oldu.
Futbolçularımızın bir qədər dincəlməsi baxımından fasilənin yerində olduğunu deyə bilərəm. Uşaqlar dincəldilər, nisbətən yorğunluğu üzərlərindən atdılar".
Muxtar respublika klubu son 12 görüşdə məğlubiyyət nədi bilmir. 13 turdan sonra aktivində 30 xalı olan "Araz" lider "Qarabağ"dan 1 xal geri qalır. Aradakı pauza komandanı tonusdan sala bilərmi?
Təcrübəli mütəxəssisi dinləyək:
"Bizim üçün hər tur keçirəcəyimiz oyun önəmlidir. Hazırlığımızı, planlarımızı bu istiqamətdə qururuq.
Statistikaya, seriyaya çox diqqət etmirik. Hər keçirdiyin matçda qarşıya qoyduğun məqsədə nail olsan, planları həyata keçirsən, yekunda məqsədinə çatacaqsan".
Baxşıyev sonda qarşıdakı tur qarşılaşacaqları "Kəpəz"lə matç barədə də fikirlərini bizimlə bölüşüb:
"Fasilədən sonra "Kəpəz"in qonağı olacağıq. Rəqibimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, bu oyunun asan keçəcəyi anlamına gəlməməlidir.
Çempionatda asan oyun yoxdu, oyuna yanaşma var. Biz də çalışacağıq ki, çətin səfər görüşündən qələbə ilə dönək".
XANOĞLAN