COP29

“Qarabağ”a çiyin atanlar – Uğura aparan plan necə cızıldı?

14 Noyabr 21:20 Araz-Naxçıvan 309
“Qarabağ”a çiyin atanlar – Uğura aparan plan necə cızıldı?

Premyer Liqada “Naxçıvan fırtınası” əsir.

Muxtar Respublikanı təmsil edən komanda rəqib tanımadan inamla irəliləyir.

“Qırmızı-ağlar” yalnız ilk turda – avqustun 2-də “Qarabağ”a uduzandan sonra məğlubiyyətin nə olduğunu bilmir.

3 aydan artıqdır yenilgi tanımayan kollektiv bu müddətdə 9 qələbə qazanıb, 3 görüşü heç-heçə başa vurub. Görünən odur ki, naxçıvanlılar bu gedişlə mayda avrokuboklara vəsiqəni təmin edəcək.

Bəs, bu komanda uğura doğru necə addımlayır? Ötən mövsüm ortabablardan olan “Araz-Naxçıvan”ın bir neçə ayın ərzində kəskin dəyişməsinə nə səbəb oldu?

* Uğurlu nəticələrin başında daxildəki sağlam ab-hava dayanır. Klubun de-yure rəhbəri Zaur Axundovun başı Naxçıvandakı işlərə qarışdığından, üstəlik, baş məşqçi Elmar Baxşıyevlə aralarında centlmen razılaşması olduğundan, başqan ötən ildən fərqli olaraq heç bir məsələyə müdaxilə etmir.

Axundovun ətrafındakılar da əsas səlahiyyətin baş məşqçidə olduğunu yaxşı bilir.

* Digər səbəb Baxşıyevin komandanın başına yayda tələm-tələsik yox, ötən çempionatın gedişində keçməsiydi. Keçən mövsümün son bir neçə ayı baş məşqçi üçün təcrübə meydanı oldu.

“Araz-Naxçıvan”da formalaşan problemləri gördü, onların həlli üçün vaxtında resept hazırladı.

Resept, yəni ehtiyac duyduğu futbolçuların sərəncamında olması üçün vaxtında danışıqlar aparıldı, razılıq əldə olundu. Belə deyək, futbol fəlsəfəsinə uyğun gələnləri sərəncamına topladı.

* Və ən vacib nüans – vaxtilə Elmar Baxşıyevin rəhbərliyi altında oynamış futbolçuların bu gün “Araz-Naxçıvan”da top qovması. Kimdir onlar?

Felipe Santos, Ramon Maçado, Ürfan Abbasov və Ülvi İsgəndərov. Uyğunlaşma və anlaşma problemi yaşamayan “köhlənər” özlərini burada suda balıq kimi hiss edir.

Komandanın hücum və yarımmüdafiə xəttində yer alanların böyük əksəriyyətinin eyni dildə danışması, eyni futbol fəlsəfəsinə sahib olması (Portuqaliya və Braziliyadan olanlar) komanda üçün olduqca böyük üstünlükdür.

* “Araz-Naxçıvan” nəticəyə hesablanmış kompakt futbol nümayiş etdirir. Biri var, 8-9 nəfərlə müdafiə olunub, əks-hücumlara bel bağlanan nəticə futbolu, biri də var, rəqibin oyununu pozaraq öz istədiyini həyata keçirməklə sərgilənən oyun. Naxçıvan təmsilçisi məhz belə edir.

Təsəvvür edin, bu komanda keçirdiyi 13 oyunun 11-də 1 qol vurub. Bunların 1-də uduzub, 3-də bərabərə qalıb, 7 matçda 1:0 hesabı ilə qələbə qazanıb.

Digər 2 qarşılaşmada da minimal nəticə qeydə alınıb – 3:2 və 2:1. Hər iki halda “qırmızı-ağlar” qalib gəlib.

Aktivində 30 xal olan “Araz-Naxçıvan” turnir cədvəlində yalnız 31 xala sahib “Qarabağ”dan geri qalır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 18:10 Çək və bizə göndər!
14 Noyabr 17:40 Tanrı belə istəyir