COP29

“Araz”ın Naxçıvana qayıda bilməməsinin səbəbləri üzə çıxdı - DETALLAR

9 Noyabr 22:20 Araz-Naxçıvan 2 454
“Araz”ın Naxçıvana qayıda bilməməsinin səbəbləri üzə çıxdı - DETALLAR

Cari mövsümdə sual doğuran məsələlərdən biri “Araz-Naxçıvan”ın ev oyunlarını özünə doğma olan şəhərdə keçirməməsinin səbəbidir.

Komanda ötən “futbol ili”ndə Premyer Liqaya yeni yüksəlmişdi deyə, əksəriyyət stadionda təmir-bərpa işlərinin aparıldığını və artıq 2024-cü ildən etibarən arenanın qapılarının azarkeşlərin üzünə açılacağını təsəvvür edirdi.

Məsələ düşündüyünüz və düşündüyümüz qədər sadə deyil. Yəni hər kəsi narahat edən problemin kökü Naxçıvandakı stadion yox, maliyyə və siyasi nöqtələrinə söykənir.

* ”Araz-Naxçıvan” ev oyunlarını Muxtar Respublikada keçirəcəyi halda, hər dəfə “CBC Sport” üçün canlı yayım təşkil edən qurğu (avtomobil) ora gedib-qayıtmalıdır. İndiki məqamda Zəngəzur dəhlizi qapalı olduğundan, bu tip qurğuları İran ərazisindən keçirmək mümkün olmadığından, yeganə çıxış yolu ya hər dəfə yük təyyarəsinin köməyinə bel bağlamaq, ya da yeni canlı yayım qurğusunu alıb Naxçıvanda saxlamaqdır. Hər iki variant kifayət qədər yüksək məbləğ tələb edir.

* VAR maşını da ayrı bir dərddir. Problem eynilə canlı yayım qurğusunda olduğu kimidir. Onun daşınması da külli miqdarda pul tələb edir. Hazırda ölkəmizdə iki ədəd VAR qurğusu var. Biri Bakıdakı oyunlara xidmət edir, digəri Şamaxı-Tovuz-Şamaxı marşrutu üzrə hərəkət etməklə bölgədəki matçlar üçün istifadə olunur. Sırf Naxçıvan üçün yeni VAR qurğusunun gətirilməsi isə dildə deyiləcək qədər asan iş deyil.

*”Araz-Naxçıvan” ev oyunlarını Naxçıvanda keçirəcəyi halda, Premyer Liqa çərçivəsində ildə 18, Azərbaycan kubokunda 1-2 dəfə “kiçik torpağ”ı tərk etməli olacaq. İldə 20 dəfə 35-40 nəfərlik heyət üçün Bakıya və Gəncəyə təyyarə bileti almaq, qarlı və şaxtalı havalarda səfərləri təşkil etmək həm yaxşı büdcə, həm də risk tələb edir.

* Azarkeş məsələsi də düşündürən məsələdir. Deyək ki, “Araz-Naxçıvan” doğma azarkeşlərinin gözləri qarşısında oynayacaq. Bakıdakı görüşlərinə isə paytaxtda yaşayan naxçıvanlılar gələcək. Bəs, qonaq komandalar? Hər dəfə fanatlar üçün Naxçıvana gediş-dönüş bileti almaq və ya tapmaq müşkül məsələdir. Hətta kimlərsə şəxsi vəsaiti hesabına getmək istəsə belə, bir çox hallarda Naxçıvan təyyarələrinə bilet tapmaq səhrada balıq axtarmağa tay tutulur.

Gördüyünüz kimi, çətinliklər boğaza kimidir. Ölkə və şəhər rəhbərliyi bir ayın içində Naxçıvandakı stadionu ən son standartlara cavab verən hala gətirsə belə, köklü maliyyə olmadan, ən əsası da Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat yolu stifadəyə verilmədən orada oyun keçirmək mümkün deyil.

İkinci Qarabağ Müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulmasına dair qeydin ən qısa zamanda yerinə yetiriləcəyinə ümid etməkdən başqa çıxış yolu qalmır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!