Bu mövsüm Premyer Liqanın parlamaqda olan gənci Mustafa Əhmədzadədir.
Mövsümün qalan bölümündə nələr olacağını demək çətindir.
Amma arxada qalan 12 tura əsasən 21 yaşlı yarımmüdafiəçi haqqında müsbət fikirlərin formalaşdığını deyə bilərik.
Bəs Mustafa kimdir?
Orta sahə oyunçusu ilə bağlı bilgilərə göz gəzdirərkən maraqlı məqamlara rast gəldik.
O, futbola ölkəmizdə başlasa da uzun müddət İspaniyada yaşayıb.
14 yaşında Barselona şəhərinə pənah aparan Mustafa burada "Marset" akademiyasına qoşulub.
3 il adıçəkilən akademiyada qalan gənc oyunçu ardınca "Montanesa" ilə anlaşıb.
1 il beşinci liqa təmsilçisinin formasını geyindikdən sonra ailəsinin qərarı ilə ötən yay vətənə qayıtmalı olub.
"Araz Naxçıvan"la anlaşan futbolçu bir mövsüm əvəzedici komandada çıxış edib.
Yüksək liqaya ilk addımını isə Elmar Baxşıyevin dəstəyilə atıb.
Təcrübəli mütəxəssisin diqqətini çəkən Mustafa bu yay əsas komandanın məşqlərinə cəlb olunub.
7-ci tur "Səbail"lə görüşdə debüt edən yarımmüdafiəçisi tədricən əsas heyətin üzvünə çevrilməkdədir.
Meydanı yaxşı görmək bacarığı var. İkili mübarizələrdə əksər vaxt qalib gəlir. Soyuqqanlı olması diqqət çəkir. Bir sözlə, orta sahə oyunçusu üçün lazım olan bacarıqlar onda var.
Ümid edək ki, yüksəlişi bir çox gənclərimiz kimi keçici olmayacaq.
Hələ yolun başlanğıcındadır.
Böyümək üçün bundan sonra daha çox çalışmaq mütləqdir.
XANOĞLAN/ SPORTİNFO.AZ