COP29

Bu klub Azərbaycanda heç kimə lazım deyil!

21 Oktyabr 22:20 Araz-Naxçıvan 2 155
Bu klub Azərbaycanda heç kimə lazım deyil!

"Araz Naxçıvan" ikinci dövrəyə də qələbə ilə başladı.

Elmar Baxşıyevin kollektivi bu dəfə Şamaxıda 3 xala sevindi.

Felipe Santosun qolu qələbə üçün yetərli oldu.

Aktivindəki xal sayını 20-yə çatdıran Muxtar respublika təmsilçisi hazırda ikinci pillədə qərarlaşıb.

Amma "Araz"ın qələbələri sıralaması, liderlər qrupunda yer alması heç kimə maraqlı deyil.

Sanki bu komanda futbolçu, məşqçi və rəhbərlik heyətinin işləməsi üçün yaradılıb.

Hər halda, Şamaxı şəhər stadionunda qarşılaşdığımız mənzərə belə deməyə əsas verir.

Qonaq tribunada cəmi 1 nəfər azarkeş yer almışdı. O da 90 dəqiqə tək olmasına baxmayaraq, varlığını müxtəlif vasitələrlə göstərə bilirdi. Gah yüksək səslə hakimlərə etiraz edirdi, gah da yerli azarkeşlərə. Sevimli futbolçularına da dəstək olması öz yerində.

470000 əhalisi olan Naxçıvan Muxtar Respublikanın klubu bu qədər sahibsiz görünməli deyil.

Düzdü, "Araz" Bakıda məskunlaşıb. Ev oyunlarını doğma məkanda keçirsəydi arxasında böyük bir azarkeş ordusu olardı.

Amma bu da kluba göstərilən laqeyd münasibətə bəraət qazandıra bilməz.

Naxçıvan sakinlərinin oyunlara gəlməməsi anlaşılandır.

Bəs Bakıda qalan minlərlə naxçıvanlıya nə söz?

Klub rəhbərliyi də elə onlar qədər məsələdə günahkardır.

Heyətində 10-dan çox legionerin yer aldığı komandanın fanklubun 10-15 nəfər üzvünü səfərə aparmaq üçün pulu yoxdur?

Say az ola bilər, amma mahiyyəti böyükdür.

Məşqçi və futbolçu heyəti də ən azı arxasında azarkeş olduğunu hiss edər. Arada formasını geyindikləri klubun adını eşidər. Hakim səhvində reaksiya görər. Qol vuranda, təhlükə yaranda tribunadan motivasiya alar. Daha özlərini heç kimə lazım olmayan, gününü keçirərək maaş olan sıradan işçi yerində görməzlər.

İddialı olmaq, yüksək yerlər uğurunda mübarizə aparmaq, avrokubokları xəyal etmək həm də belə şeylərdən başlayır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti