Bu il Premyer Liqada Elmar Baxşıyev rüzgarı əsir.
O, nə Qurban Qurbanovdur, nə də Kurban Berdıyev.
Ancaq çalışdırdığı komanda “Qarabağ”la “Turan Tovuz”dan heç də geri qalmır. Ağdamlılardan 4, bir oyun az keçirdiyi tovuzlulardan 1 xal arxadadır.
Yayda “Araz-Naxçıvan”ın heyəti yığılanda, hamı daşı atıb başını tuturdu ki, vay, Zaur Axundovun oxu daşa tuş gələcək, baş məşqçi 3-5 turdan sonra istefaya göndəriləcək, naxçıvanlılar elitada qalmaq uğrunda mübarizə aparacaq.
“Qəbələ”nin əsas heyətində möhkəmlənə bilməyən Ülvi İsgəndərov, 32 yaşlı Ürfan Abbasov və Bəxtiyar Həsənalızadə, “Turan Tovuz”da ikinciliklə barışan Tərlan Əhmədli, 33 yaşlı Ramon Maçado, bir oyun yaxşı oynayıb, üç oyun özünə bənzəməyən Miço Kuzmanoviç – baş məşqçi bu futbolçularla yola çıxmağı qərara aldı və klubun başında duranlara “uzaq durun, səbrli olun” mesajını verdi.
İlk dövrədə 8 oyun keçirən “Araz-Naxçıvan” cəmi bir məğlubiyyət alıb, o da məlumdur kimdən – ilk turda “Qarabağ”dan.
Naxçıvanlıların heyəti “Qarabağ”, “Zirə”, “Neftçi”, “Turan”, “Sabah”ınki qədər zəngin deyil. Əsas heyətin görməyə alışdığımız 11 futbolçusudur, ehtiyat oyunçular skamyasında da “dişə vurulmalı” 2-3 nəfər.
Di gəl ki, bu komanda 7 oyundur məğlub olmur, turnir cədvəlində özündən qat-qat imkanlı rəqiblərini qabaqlayır, ilk dövrəni 3-cü sırada başa vurub.
Elmar Baxşıyev Muxtar Respublika təmsilçisinə sevincli anlar yaşatmaqdadır.
Rəhbərlik sona qədər arxasında dayansa, bir az da heyət gücləndirilsə və ən əsası komanda ev oyunlarını Naxçıvanda keçirsə, “Araz-Naxçıvan” çox demirəm, gələn il ÇEMPİONLUQ UĞRUNDA MÜBARİZƏ APARA BİLƏR.
HƏBİB / SPORTİNFO.AZ