Mövsümə "Qarabağ"a ağır məğlubiyyətlə başlayan (1:4) "Araz Naxçıvan" sonrakı turlar gedişatı tam öz xeyrinə dəyişə bildi.
Elmar Baxşıyevin kollektivi keçirdiyi 6 matçda 5 qələbə, 1 bərabərliklə xal xanasını bir xeyli zənginləşdirdi.
Baş məşqçi nəticələrdən razı qalsa da, oyun keyfiyyəti onu tam qane etmir.
Təcrübəli sima komandasının daha yaxşı ola biləcəyinə inanır.
İnamını mətbuat konfranslarında bir neçə dəfə aşkar etməsi səbəbsiz deyil.
Bu, əlindəki futbolçulara olan güvəndən irəli gəlir.
Bəs o potensialı tam açmağa nə mane olur?
Səbəblər bir yox, bir neçədir.
Heyətin yeni yığılması, bəzi legionerlərin ölkəmizdə ilk dəfə çıxış etməsi.
Stadion problemi isə nöqsanların başında gəlir.
Elita təmsilçisi normal qazında məşq etməməyin əziyyətini çəkir.
Ev oyunlarını "Liv Bona Dea Arena"a keçirən (Yalnız "Səbail"lə görüş Sumqayıtda baş tutub) Muxtar respublika təmsilçisi ilk vaxtlar məşqlərini Bakı Olimpiya Stadionun (BOS) əsas və yardımçı meydançasında keçirirdi.
Elə gördükləri yaxşı günlər ölkənin ən böyük arenasına bağlıdır.
BOS-un bağlanmasından sonra klub qapılarda qalıb.
Bir müddət Sumqayıtda yerləşən "Kapital Bank Arena"ya üz tutan kollektivin burada da ömrü uzun sürmədi.
Yekunda məcburiyyətdən Buzovnaya köç baş tutdu.
Premyer Liqa təmsilçisi Birinci Liqa iştirakçısı "Baku Sportinq"ə məxsus "Baku Sportinq Arena"nın xidmətinə ehtiyac duydu.
Burada isə meydanın örtüyü ürəkaçan deyil.
Bilirik ki, Baxşıyev "Qəbələ"də çalışdığı dönəmdən hər zaman baxımlı futbola üstünlük verib. Rəhbərliyin nəticə tələbi istəyi bir qədər azalda bilər.
Lakin bu da tam imtina demək deyil.
Sadəcə rəsmi oyunlarda istədiyini ortaya çıxarmaq üçün təcrübəli məşqçi məşqlərini arzuladığı kimi keçə bilmir.
Yararsız meydan texniki hazırlığa ciddi təsir göstərir.
Belədə mütəxəssis rəhbərlikdən yeni məkan axtarışı barədə xahiş edib.
Amma rəsmilər ən yaxşı halda süni meydan tapa biləcəklərini bildirib.
Bu isə çalışdırıcının planlarına daxil deyil.
Əgər Baxşıyevin istəyi reallaşdırılsa, "Araz"ın nəticələrdəki siçrayışı kimi oyun keyfiyyəti də müsbət istiqamətə bir xeyli dəyişəcək.
XANOĞLAN / SPORTİNFO.AZ