COP29

Zaur Axundov bu suala gülə-gülə cavab verdi: “Onu hələ unutmamısız?”

19:40 Araz-Naxçıvan 629
Zaur Axundov bu suala gülə-gülə cavab verdi: “Onu hələ unutmamısız?”

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov Sportinfo.az-a müsahibə verib.

O, Premyer Liqanın 8-ci turunun "Araz Naxçıvan" - "Səbail" matçından (3:2) sonra suallarımızı cavablandırıb.

- İlk öncə oyunla bağlı fikirlərinizi maraqlı olardı...

- Komandamızı təbrik edirəm. Yaxşı oyun oldu. Düzdür, oyun əsəbi keçdi. Amma 3 xala görə kollektivi təbrik edirəm.

- "Qarabağ"a 0:4 məğlubiyyətdən sonra nə dəyişdi ki, "Araz" qələbələri sıralayır?

- Dəyişilən nəsə yoxdur. Həmin baş məşqçi, həmin futbolçulardır. Sadəcə, açılış oyununda rəqib "Qarabağ" idi. Çempionatımızın dəyişməz lideridir. Əsas odur ki, indiki tempi saxlayaq.

- Hazırda lider "Araz"dır. İştah diş altındadır. Hədəflər böyüməyib?

- Birinci dövrə hələ bitməyib. Hər şey qabaqdadır. Oyundan sonra da uşaqlarla görüşdüm. Gələcək oyunlarda uğurlar arzuladım. Marafon böyükdür. Hələ çox şeylər olacaq.

- Ötən mövsüm də "Araz" çempionata uğurlu start vermişdi. Amma ardını gətirə bilmədi. Eyni halın yaşanacağı ilə bağlı qorxu yoxdur?

- Təbii ki, ötən mövsüm bizə dərs oldu. O vaxt "Qarabağ" üzərində qələbədən sonra 8 oyunluq eniş yaşandı. İndi məşqçi də dəyişib, çox oyunçu da yenidir. Ümid edirəm ki, eyni hal təkrar olunmayacaq.

- Bu gün Elmar Baxşıyevin timsalında istədiyiniz məşqçini tapdığınızı demək olar?

- Düzdür, uğurlu çıxış edirik. Amma hər şey ola bilər. Mənim üçün ən pis şey arxayınlıqdır. Bu gün 3:1-dən sonra komanda dayandı. Əlavə 5-10 dəqiqə olsaydı yekun nəticə fərqli ola bilərdi. Futbol belə boşluqları sevmir. Bu sözlər bütün məşqçilərə, futbolçulara aiddir. Müdafiədə müəyyən səhvlər görünür. Qarşıda iki həftəlik fasilə olacaq. İnanıram ki, həmin nöqsanlar da aradan qalxar.

- Mövsümün əvvəli "Elmar Baxşıyevə 2 ay vaxt vermişəm" açıqlamanız ictimaiyyətdə birmənalı qarşılanmadı. Möhlət başa çatıb?

- Onu hələ unutmamısız? (gülür). Mən o fikirlərimi tək məşqçiyə ünvanlamamışdım. Bütün komanda üzvlərinə aid idi.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti