Bu da ardıcıl dördüncü qələbə…
«Araz-Naxçıvan» nəticə mənasında yüksəlişdədir.
Elmar Baxşıyevin dediyinə görə, bu, hələ son deyil. Baş məşqçinin komandadan gözləntisi çoxdur.
Hər halda yayda gətirdiyi futbolçuları yaxından tanıyır, nəyə qadir olduqlarını bilir, daha da irəli getməyin mümkün olduğunu düşünür.
«Araz-Naxçıvan» bu aralar gözəl oyun sərgiləmək eşqi ilə dövran sürmür. Baxşıyevin ağlında bir qayə var - vəzifəsində qalmaq.
Rəhbərlik tərəfindən verilən 2 aylıq müddət başa çatmaq üzrədir və çalışır ki, bu imtahanı da yaxşı qiymətlərlə tamamlasın.
O, komandanı sırf nəticə üçün oynadır. Elə mərhələdəir ki, Baxşıyevi başa düşmək lazımdır. Baxımlı futbola heç nə vermirlər. Adicə hava öpüşü də düşmür buna.
Tarixdə qalan nəticədir. Nəticə varsa, sən də varsan. Nəticə yoxdursa, sən də yoxsan, pul da.
Hər oğul Premyer Liqada baş çıxara, pul qazana bilmir. O ki qala «Araz-Naxçıvan» kimi klub ola.
Burada çalışmaq, ayaqda qalmaq, yol getmək üçün əjdaha kimi 5 başın olmalıdır.
Daim təzyiq altındasan. Sənə şərait yaradırlar, imkan yaradırlar və deyirlər ki, buyur, indi nəticəni ver.
Baxşıyev bu yanaşmanı olduğu kimi qəbul edir. Başqa çarəsi də yox artıq.
Bu, pis yol deyil, əslində. Komandanı nəticə qazanmağı fokuslamaq da bir məharətdir. Bacarır.
ELNUR