“Ötən mövsümkü vəziyyətlə indiki arasında böyük fərq var. Ona görə də bu il daha yaxşı olacağına inanıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın bosniya və herseqovinalı legioneri Miço Kuzmanoviç deyib.
Keçən il Premyer Liqanın debütantı sayılan Muxtar Respublika təmsilçisi ilk dövrədə əldə etdiyi nəticələrlə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməyi bacarmışdı.
9 oyundan 14 xalla ayrılan Azər Bağırovun komandası “Zirə” və “Neftçi” kimi güclü rəqiblərini məğlub etmişdi. Lakin sonradan yaşanan eniş “Araz-Naxçıvan”ın mövsümü 8-ci pillədə başa vurması ilə nəticələndi.
Kuzmanoviç eyni halın təkrarlanacağına inanmır. Çünki bunun üçün əlində əsas var:
“Ötən mövsüm komanda bir ay ərzində yığılmışdı. Bəlkə də rəqiblər oyunumuzu görməmişdilər deyə, çətinlik çəkirdilər.
Həm də heyətimizdə gənc və ya təcrübəsiz futbolçuların sayı çox idi. Ona görə də sonluq tam istədiyimiz kimi olmadı.
Bu il komandamızda kifayət qədər təcrübəli futbolçular cəmlənib. Artıq hansı məqamda nə edəcəyimizi bilirik.
Çünki komanda olaraq təcrübəmiz var. Ona görə də ötənilki vəziyyətin təkrarlanacağını düşünmürəm”.
7 turdan sonra aktivində 14 xal olan “Araz-Naxçıvan” 4-cü pillədə qərarlaşıb.
Elmar Baxşıyevin çalışdırdığı kollektiv sentyabrın 27-də “Səbail”lə qarşılaşacaq.
HƏBİB