COP29

Bezdik Bakı çempionatından, futbolu Naxçıvana aparın! - XOŞAGƏLMƏZ FOTOLAR

14 Sentyabr 20:40 Araz-Naxçıvan 2 627
Bezdik Bakı çempionatından, futbolu Naxçıvana aparın! - XOŞAGƏLMƏZ FOTOLAR

“Araz-Naxçıvan” – “Kəpəz” (1:0) oyunu turun açılış matçı hesab olunurdu.

Başqa cür desək, iki həftəlik fasilədən sonra Premyer Liqanın ilk qarşılaşması.

Açığı, stadiona daha çox azarkeşin gələcəyinə ümid edirdim. Azər Bağırovun baş məşqçi qismində “Kəpəz”də debüt matçı, ilk dəfə “Araz-Naxçıvan”a qarşı rəqib qismində hazırlaşması, naxçıvanlıların turnir cədvəlindəki mövqeyi, yay ayı, dəniz havası, uyğun saat və sair.

Əksəriyyətinin üst geyimi qara olduğundan, tribunalardakı fanatları dəqiq saya bilmədim. Amma yuvarlaq götürsək, təxminən 20-25 nəfər “Kəpəz”i dəstəkləyirdi, hardasa 20 nəfər də “Araz-Naxçıvan”ı. Pərakəndə əyləşənləri də hesablasaq, qoy olsun 100 nəfər.

Hər ikisi bölgə komandasıdır. Məntiqlə, bölgə komandalarının ev matçlarına daha çox azarkeş gəlir axı. Amma nə olsun? Bölgə komandaları olsalar da, oyunlarını onun-bunun qapısında keçirirlər.

Təsəvvür edin, paytaxta yaxın olan “Sumqayıt”ı saymasaq, çempionatda 3 bölgə komandası var və onlardan cəmi 1-i – “Turan Tovuz” öz meydanında oynayır. Yəni 10 iştirakçıdan 1-i azarkeşlərinin qarşısına çıxır.

Deyək ki, Gəncə şəhər stadionunda dövlət səviyyəsində təmir işləri aparılır və gec-tez buna ehtiyac var idi.

Bəs, “Araz-Naxçıxan”? Komanda ikinci ildir elitada mübarizə aparır, lakin Naxçıvandakı stadion haqda ağzını açıb söz deyən yoxdur.

Sanki “Araz-Naxçıvan” Bakını təmsil edir və belə də olmalıdır. “Kiçik torpaq”da 10 minlərlə futbolsevər yaşayır.

Onsuz da, uzun illər keçmiş diktator rəhbərə görə bir çox şeylərdən məhrum olublar. İndi-indi gün görməyə başlayırlar. Futbola baxmaq, liderlər qrupunda yer alan komandanı dəstəkləmək və qələbəsini bayram etmək onların haqqıdır.

Onsuz da Bakıda futbol 50-100 azarkeşdən və jurnalistlərdən başqa heç kimə lazım deyil.

Gecə-gündüz futbolun inkişafından sərsəmləmək əvəzinə Naxçıvandakı stadionun təmirinə nail olun. İmkan verin, “Araz-Naxçıvan” öz stadionunda oynasın, ölkə futbolu paytaxtdan kənara çıxsın.

Bezdik Bakı çempionatından.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?