Yeni mövsümə "Qarabağ"a böyükhesablı (1:4) məğlubiyyətlə start verən "Araz Naxçıvan" sonrakı turlar özünə gələ bildi.
"Şamaxı" və "Sumqayıt"a qalib gələn Muxtar respublika təmsilçisi "Neftçi" ilə oyunda isə qələbəni Kristian Avramın yersiz hərəkəti ucbatından son saniyələrdə əldən verdi.
Aktivində 7 xalı olan kollektiv hazırda turnir cədvəlinin 4-cü sırasında qərarlaşır. Unutmayaq ki, "Araz"ın "Zirə" ilə təxirə salınmış bir matçı da qalır.
Qısası, Elmar Baxşıyevin komandası pis mövsüm keçirmir.
Amma müsbət sıçrayışın fonunda Fernandu Santuş bu komandadan milliyə 1 nəfər olsun dəvət etmədi.
Layiq olanı yoxdur, yoxsa seçim ədalətli deyil?
Sorğumuza cavab olaraq "qırmızı-ağlar"ın baş məşqçisi Elmar Baxşıyev Sportinfo.az-a açıqlamasında bunları deyib:
"Baş məşqçinin seçimidir. Amma "Araz"ın da heyətində milli komandaya düşməyə layiq futbolçular var.
Potensiallı yerlilərimiz var. Öz futbolçularıma tövsiyə edirəm ki, belə şeylərə hazır olsunlar.
Futbol özünüsübut oyunudur. Daha da artığını etməlidirlər ki, milliyə dəvət olunsunlar.
Amma təkrar edirəm ki, milli komandaya kömək edəcək gücdə yerli oyunçularımız var".
XANOĞLAN