COP29

Əcnəbi qolkiperin avam hərəkətinə "Neftçi"dən layiqli cavab

26 Avqust 21:00 Araz-Naxçıvan 3 381
Əcnəbi qolkiperin avam hərəkətinə "Neftçi"dən layiqli cavab

Premyer Liqanın 4-cü turunun "Araz Naxçıvan" - "Neftçi" qarşılaşması (1:1) qalmaqalla başa çatdı.

Səbəb qonaqların son saniyədən Ramil Şeydayevlə gələn qolu idi.

Çünki hücumun əvvəlində "Araz"ın qapıçısı Kristian Avram Kilan Lebonun yerdə qalmasına işarə edərək topu kənara atdı, "ağ qaralar" isə heç nə olmayıbmış kimi oyuna davam edərək bərabərlik qolunu vurdu.

Və "Neftçi"li futbolçuların verdiyi qərar ictimaiyyətdə birmənalı qarşılanmadı.

Nahaq...

Məncə, qonaqlar o məqamda ən düzgün addımı atdılar.

Məğlub olan komandanın əsəblərini sözlə izah etməyə gərək yoxdur.

Mövsümə bərbad başlayan Qriqorçukun kollektivində isə psixoloji durum ikiqat bərbad olduğu heç kimə sirr deyil.

Və belə bir anda Kristian Avram hər kəsə fayr-pley yalanı uydurmağa cəhd etdi.

Axı Lebon hər hansı zədə almamışdı. Sadəcə uzun reyddə sonra yorulduğunu üçün yerdə qalmışdı. Belə şeyə görə topu kənara vurmurlar.

Moldovalı kiper topu Lebona görə yox, vaxt udmağa, rəqib futbolçuların əhvalını bir qədər də təlx etmək üçün kənara atdı.

Bunu ekran başındakı izləyici, tribunada əyləşən azarkeş aydın sezdisə, deməli, "Neftçi"li futbolçular da fərqinə vara bildilər.

Və heç bir tərəddüd etmədən hücum qurub, qollarını vurdular.

Hər iki cəbhədə də bir-birini yaxından tanıyan, dostluq edən futbolçular var. Zərrə fayr-pley söhbəti olsaydı, ən azı həmin tərəflər məsələni öz arasında həll edərdi.

Meydan sahiblərinin futbolçularından kütləvi etirazın olmaması boşuna deyildi.

Onlar da Avramın avam hərəkət etdiyinin fərqində idi.

Əbəs deyil ki, Vanderson Melo ilk olaraq komanda yoldaşına irad tutdu. Topu yersiz yerə kənara vurduğu üçün.

Yəqin ki, əcnəbi qolkiper üçün bu hadisə yaxşı dərs olar.

XANOĞLAN /SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti