COP29

Premyer Liqada ilk baş məşqçi istefası – Bir şey qalmadı…

3 Avqust 20:00 Araz-Naxçıvan 6 852
Premyer Liqada ilk baş məşqçi istefası – Bir şey qalmadı…

Premyer Liqada yeni mövsümə dünən start verildi.

İlk oyun günü darmadağın qeydə alındı.

Ötən sezonun son turunda üz-üzə gəlmiş «Araz-Naxçıvan»la «Qarabağ» bu dəfə açılış həftəsində göz-gözə dayandı.

«Araz» dueldən ağır məğlubiyyətlə ayrıldı. 1:4 hesablı yenilgi yalnız hesab sarıdan Elmar Baxşıyevi incitməməlidir.

Komandası oyun mənasında «o» qədər nəsə sərgiləmədi.

«Araz»ın heyəti yaxşıdır, əslində. Ayrı-ayrılıqda nəzərdən keçirsək, səviyyəli futbolçuları çoxdur. Onlara babat pul xərclənib.

İnsafən, Zaur Axundov öz səxavətini əsirgəməyib.

De-fakto klubun sahibi olan şəxs normal, hətta deyərdik, avrokuboklar uğrunda mübarizə aparmağa qadir komandanın qurulması üçün kisənin ağzını geniş açıb.

Amma hələ hazır deyillər. «Araz»ın ondan gözlənilən oyunu sərgiləməyə başlaması üçün zaman keçməlidir.

Bunun üçün iki ay bəs etməyə bilər. Baxşıyevə Axundov tərəfindən verilən möhlət isə oktyabrın əvvəlində başa çatacaq.

Düzü, bu başlanğıcdan sonra «Araz»ın tez bir zamanda sürət yığacağına, Baxşıyevin isə həmin vaxtadək postunda qalacağına gümanım çox azdır.

«İki aylıq limit» söhbəti baş məşqçinin və futbolçularının iliyinə kimi işləmiş kimi görünür.

Media üzərindən verilən açıqlamanın komandadaxili havanı indidən korlamış, ruhdan salmış kimi bir təsiri hiss olunmaqdadır.

Doğrudan da, vaxtından tez ağızdan çıxan söz çox böyük fəsadlara səbəb ola bilər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…