COP29

İki ay vaxt qoyulan baş məşqçidən 3 cümləlik REAKSİYA: "Nə deyim vallah…"

29 İyul 11:00 Araz-Naxçıvan 2 107
İki ay vaxt qoyulan baş məşqçidən 3 cümləlik REAKSİYA: "Nə deyim vallah…"

Naxçıvan Futbol Federasiyasının yeni sədri Zaur Axundov gözlənilməz açıqlamalar verib.

O, qardaşı Ramin Axuqdovun prezidenti olduğu "Araz-Naxçıvan"dan danışıb. Və baş məşqçi Elmar Baxşıyevə 2 ay vaxt verdiyini bildirib:

"Artıq Premyer Liqada yeni mövsüm start götürür. Komanda Ərzurumdan, təlim-məşq toplanışından qayıdıb.

Dünən komanda ilə görüşdük, baş məşqçi Elmar Baxşıyevlə söhbətimiz oldu. Onlar da Naxçıvan Futbol Federasiyasının prezidenti seçilməyim münasibəti ilə məni təbrik etdilər.

Məni tanıyırsınız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da.

Düzdür, hərdən emosional oluram. Lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var.

Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odur ki, "Araz-Naxçıvan"dan da uğur gözləyirəm.

Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb. 99 faiz arzulanan komanda yığılıb.

Axsayan bircə yer var, o da müdafiənin mərkəzidir. O mövqe üçün də axtarışlarımız davam edir.

İlk tura da olmasa, 2-ci, 3-cü tura qədər bu məsələ həll olacaq. Bir sözlə, lazım olan şərait yaradılıb.

Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdır. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdur.

"Araz-Naxçıvan"ın hədəfi avrokuboklardır. Mən "Keşlə"də də olanda hədəf Avropa idi, fərqi yoxdur, bu nəticə kubokdan qazanılır, ya çempionatdan.

Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. "Keşlə"də 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq.

"Araz-Naxçıvan"ın avrokuboklara düşməyinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq.

İki aya nəticə olmasa, onu yola salacağıq. Ancaq Elmara inanıram. İşləməsi və nəticə qazanması üçün əlində yaxşı material var. Qalanı texniki məsələdir".

Görəsən, Elmar Baxşıyevin bu açıqlamaya münasibəti necədir? Baş məşqçidən reaksiya öyrənməyə çalışdıq.

O, üzləşdiyi vəziyyətə 3 cümlə ilə cavab verdi:

"Zaur müəllim açıqlamasını verib. Nə deyim, vallah…

Klubun icraçı direktoru Eldəniz Yusifov bu barədə mətbuata açıqlama verəcək".

SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti