2023-cü ilin yayında «Kəpəz»dən uzaqlaşdırılandan bəri bekar qalan Tərlan Əhmədov Premyer Liqaya dönməyə can atır.
«Araz-Naxçıvan» onun bu intizarına son qoya bilər.
Artıq tərəflər arasında danışıqlar başlayıb.
Vaxtilə AZAL, «Neftçi» və «Şamaxı»da da çalışmış mütəxəssisin Muxtar Respublika təmsilçisi ilə anlaşa bilib-bilməyəcəyi yaxın günlərdə məlum olacaq.
Əhmədov hələ martda «Araz»ın sükanı arxasına keçə bilərdi. Həmin vaxt Azər Bağırovla vidalaşan «ağ-qaralar» ona təklif göndərmişdi.
O isə Əfran İsmayılovun məşqçi korpusundan uzaqlaşdırılacağı halda, dəvəti qəbul edəcəyini bildirmişdi. Klub rəhbərliyi bu şərti geri çevirdiyindən, görüşmələr nəticə verməmişdi.
İndi isə vəziyyət bir az fərqlidir. Bu gün Premyer Liqanın ilk turu çərçivəsində «Qarabağ»la keçiriləcək oyun Elmar Baxşıyev üçün sonuncu ola bilər.
Sabiq «Qəbələ»li buradan ayrılmaq niyyətindədir. Baş məşqçi fikri barədə klub rəsmilərini məlumatlandırıb.
O, buna səbəb kimi Naxçıvan Futbol Federasiyasının yeni sədri Zaur Axundov açıqlamasını göstərib. Bildirib ki, ona etimadın olmadığı yerdə qalmaq istəmir.
Z.Axundov qardaşı Ramin Axuqdovun prezidenti olduğu "Araz-Naxçıvan" haqda mediaya danışıb. Və Elmar Baxşıyevə 2 ay vaxt verdiyini bildirib:
"Artıq Premyer Liqada yeni mövsüm start götürür. Komanda Ərzurumdan, təlim-məşq toplanışından qayıdıb.
Məni tanıyırsınız, idmanda ambisiyalı, iddialıyam. Uduzmağı da sevmirəm, haqsızlığı da.
Düzdür, hərdən emosional oluram. Lakin yaş keçdikcə vəziyyət dəyişir. 15 il əvvəlki Zaurla indiki arasında fərq var.
Cavan vaxtı emosional idim, hakimlərlə də mübahisələrim olub. Odur ki, "Araz-Naxçıvan"dan da uğur gözləyirəm.
Elmar Baxşıyevin də qarşısına iddialı olmaq şərti qoyulub. İstədikləri bütün transferlər reallaşdırılıb.
99 faiz arzulanan komanda yığılıb. Axsayan bircə yer var, o da müdafiənin mərkəzidir.
O mövqe üçün də axtarışlarımız davam edir. İlk tura da olmasa, 2-ci, 3-cü tura qədər bu məsələ həll olacaq. Bir sözlə, lazım olan şərait yaradılıb.
Elmar Baxşıyevə inanıram. Məşqçinin uğur qazanması üçün əlində material olmalıdır. Lazımi heyət olmayandan sonra lap Mourinyonu da gətirsək, xeyri yoxdur.
"Araz-Naxçıvan"ın hədəfi avrokuboklardır. Mən "Keşlə"də də olanda hədəf Avropa idi, fərqi yoxdur, bu nəticə kubokdan qazanılır, ya çempionatdan.
Biz heç vaxt komandanın qarşısına altılığa, yaxud səkkizliyə düşməyi hədəf qoymamışıq. "Keşlə"də 5 ildə 2 dəfə kuboku qazandıq, bir dəfə də çempionatda üçüncü yeri tutduq.
"Araz-Naxçıvan"ın avrokuboklara düşməyinin 80 faizi Naxçıvandan, ev oyunlarını orada keçirməyimizdən asılı olacaq.
İki aya nəticə olmasa, onu yola salacağıq. Ancaq Elmara inanıram. İşləməsi və nəticə qazanması üçün əlində yaxşı material var. Qalanı texniki məsələdir".
SPORTINFO.AZ