30 illik həsrətdən sonra Azərbaycan ordusu Ermənistanı döyüş meydanında məğlubiyyətə uğradaraq işğal olunmuş torpaqlarımızı düşməndən azad etdi.
8 noyabr 2020-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması xəbərini xalqla paylaşdı.
Həmişə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinə qatdığı görkəmli şəxsiyyətlər haqda eşitmişik. Bu dəfə isə, bu müqəddəs torpağın ölkə idmanına qazandırdığı insanlar barədə söhbət açacağıq. Bu maraqlı məlumatı isə əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Flora Xəlilzadənin arxivindən əldə etmişik.
Fanat.Az həmin məqaləni təqdim edir:
Cıdır düzündən dünya üzünə
Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşada təkcə musiqiçilər, xanəndələr, ifaçılar yetişməyib. Aparılan tədqiqatlar göstərir ki, hərb tariximizdə, elmdə, hüquq-mühafizə orqanlarında və digər sahələrdə ad-san qazanmış dünya şöhrətli insanların arasında şuşalıların da öz yeri var. Məlumdur ki, XVIII əsrin ortalarında Pənahəlixan tərəfindən Şuşa qalası qurulduqda Qarabağ hakiminin əhəmiyyət verdiyi iki məsələ xüsusi diqqət çəkir. Bunun biri zərbxananın, digəri də zorxananın tikilməsidir. Əgər birinci məkanda xanlığın pulu kəsilirdisə, ikinci yerdə isə güləşçilər, idmançılar yetişirdi. Bu fakt da bəllidir ki, Azərbaycanda ilk cıdır yarışları məhz Şuşada keçirilib. Elə bu səbəbdən də vaxtilə "Qafur düzü" adlanan məkan sonradan tarixə Cıdır düzü kimi həkk edildi.
1911-ci ildə Şuşada futbol yarışı keçirilib. Bakıdan gələn futbolçularla şuşalılar görüşüb. Bir maraqlı fakt da var ki, ötən əsrin 20-30-cu illərində sonradan məşhur neftçi, neft sənayesi üzrə ilk Sosialist Əməyi Qəhrəmanı olan şuşalı Süleyman Vəzirov və onun xalası oğlu Əsəd Rüstəmbəyov tərəfindən Şuşada futbol komandası yaradılıb. Bu komanda sonradan Azərbaycanda məşhurlaşıb.
Azərbaycan idman tarixini araşdırdıqca onun silinməz səhifələrini naxışlayanlar arasında şuşalıların xüsusi yer tutması sadəcə fərəh doğurmur, eyni zamanda, qürur hissi yaradır. Çünki həmin insanların adları təkcə Azərbaycanda deyil, dünyada məşhur olub. Belə şərəfli ömür yaşamış şuşalı idmançılar haqqında qələmə aldığımız yazıda məhz həmin şəxsləri sizə yaxından tanıtmaq istədik.
Tofiq BƏHRAMOV
Dövlət müstəqilliyimizin bərpasından sonra respublikamızın möhtəşəm stadionlarından biri Tofiq Bəhramovun adını daşıyır. O, 1925-ci ildə Şuşa şəhərində (təəssüf ki, bəzi yazılarda, internet səhifələrində, hətta ensiklopedik kitablarda onun doğum yeri səhv göstərilib - F.X.) anadan olub. O, futbol üzrə Ümümittifaq və beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi, bədən tərbiyəsi və idman xadimi idi. 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləmişdir. Bir sıra xarici ölkələrdə beynəlxalq futbol yarışlarına hakimlik etmişdir.
Tofiq Bəhramov uşaq vaxtı futbolçu olmaq arzusu ilə yaşayıb. Bu səbəbdən də 1940-cı ildə gənclərdən ibarət "Spartak" komandasında çıxış edib. Sonra "Neftçi"yə dəvət olunub. O, futbolçu kimi Azərbaycan çempionatında çıxış edib. Komanda kapitanı kimi öz həmkarlarından həmişə fərqlənib. Lakin futbol karyerası istədiyi kimi olmayıb. Ayağından aldığı zədə onun erkən oyuna son qoyması ilə nəticələnib. Amma futbola vurğunluq, onu ürəkdən sevmək Tofiq Bəhramovu sevimli peşəsindən ayrı salmayıb. Hakim kimi idmanda fəaliyyətini davam etdirib. 1951-ci ildə keçmiş SSRİ çempionatının oyunlarına təyinat alıb. 1964-cü ildə isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, nəinki Azərbaycandan, keçmiş SSRİ-dən olan ilk hakim idi ki, beynəlxalq çempionatları idarə etməkdə fərqlənirdi. İki oyunda baş hakim, altı oyunda yan xətt hakimi kimi çıxış edən Tofiq Bəhramovun dünya çempionatının final oyununa düşmək üçün iki beynəlxalq oyunu idarə etməsi kifayət edib. Halbuki o zaman bu, çox qeyri-adi bir hadisə idi. Müasirlərinin söylədiyinə görə, o, məşhur futbol hakimi Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub. Bu da azərbaycanlı - şuşalı balası Tofiq Bəhramovun Azərbaycan idman tarixinə yazdığı şərəfli səhifələrdən biridir.
Tofiq Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb. 1966-cı ildə dünya çempionatının futbol oyunları Tofiq Bəhramovun adını idmanın bu sahəsi ilə maraqlanan hər kəsə tanıtdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda mübahisəli qolu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə həmyerlimiz "Qızıl fit"lə təltif olundu. Məhz bu oyundakı dəqiq fəaliyyətinə, dürüst hakimliyinə görə Böyük Britaniya Kraliçası Yelizavetta tərəfindən "Qızıl ilahə" mükafatnı alıb. Maraqlıdır ki, hər iki mükafatı Britaniya Kraliçasının özü həmyerlimizə təqdim edib.
Tofiq Bəhramov 1970-ci ildə də dünya çempionatında hakimlik edib. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını da məhz o idarə edib. Tofiq Bəhramov 1972-ci ildə qitələrarası kubokun finalını Hollandiyada, Argentinada idarə edib.
Tofiq Bəhramovun xidmətləri çoxdur. Elə ona görə də ölkənin bir nömrəli idman arenası - respublika stadionu onun adını daşıyır. Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laynsman kimi düşən Tofiq Bəhramov 1993-cü ildə dünyasını dəyişib. Dünyada ilk futbol hakimidir ki, iki dəfə onun adına abidə ucaldılıb. Eləcə də tanınmış ingilis yazıçısı Artur Hopkraft həmyerlimizə özünün ən məşhur "Futbol adamı" kitabını həsr edib. Əgər bizim üçün Tofiq Bəhramov dünya çempionatının final oyununu idarə edən ilk hakim hesab olunursa, ingilislər üçün o, futbol nəhəngləri ilə bir sırada dayanır. Məhz Artur Hopkraft adıçəkilən kitabında yazıb: "Tofiq Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" (stadion nəzərdə tutulub - F.X.) deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: bu rus nə istəyir? Ancaq üstündən on illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf etdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".
...Vəfatından 20 ilə yaxın vaxt keçsə də, Tofiq Bəhramov heç vaxt unudulmayıb. Ən azından adını daşıyan stadionda keçirilən beynəlxalq idman yarışları, sevdiyi futbol oyunları dunyaya yayıldıqca onun da ismi səslənir. Bundan başqa, unudulmaz futbol hakiminin şərəfinə seçmə oyunlar və yarışlar keçirilir. Hətta 2006-cı ildə dünya çempionatına həsr olunan cizgi filminin qəhrəmanı da Tofiq Bəhramov olub.
Eldar ƏZİMZADƏ
Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim, bədən tərbiyəsi və idman xadimi Eldar Əzimzadə ömrünü Azərbaycanın, eləcə də dünyanın yaşıl meydanlarında keçirən, hakimlik missiyasını ləyaqətlə yerinə yetirən şəxs olub. Futbol milyonların sevimli oyunudur. Onun cazibəsinə düşənlər adi azarkeşlər deyil. Onların arasında görkəmli siyasi xadimlər - prezident, baş nazir, kral, mədəniyyət xadimi, deputat və digər rəsmilər var. Belə bir oyunda hakim olmaq da çətindir. Dünyanın gözü qarşısında ədalət hissini itirməmək, dürüst və səlis hakimlik etmək həqiqətən də, hər kəsin taleyinə yazılmır. Eldar Əzimzadə üç dəfə - 1979, 1980 və 1982-ci illərdə SSRİ kimi nəhəng bir ölkənin ən yaxşı futbol hakimi elan olunmuşdu. Halbuki o zaman SSRİ-də onlarla tanınmış məşhur hakimlər var idi. Azərbaycanlı hakimin yaxşıların yaxşısı hesab olunması, adının məhəbbətlə çəkilməsi, 90 dəqiqə ərzində verdiyi düzgün qərarın nəticəsidir. Məhz ədalətli, yüksək səviyyəli hakimliyinə görə, ən əsası da prinsipial olduğu üçün ona tez-tez beynəlxalq futbol oyunlarının meydanları etibar edilirdi. Futbol üzrə SSRİ çempionatında 148 matçda meydanda olmuşdur. Belçika, Yunanıstan, İsveçrə, Avstraliya, İran, Türkiyə, Almaniya, Tunis, Meksika kimi ölkələrdə keçirilən çempionatlarda, seçmə oyunlarda Eldar Əzimzadə öz qabiliyyətini göstərirdi. O, çoxlarının xatirəsində bu gün də məsuliyyətli, doğru, ədalətli insan kimi qalmaqdadır. Tofiq Bəhramovdan sonra ölkəmizdə futbol üzrə beynəlxalq dərəcəli hakim adı almış ikinci hakim məhz Eldar Əzimzadədir. O, həmkarları arasında yüksək nüfuza malik idi.
Eldar Əzimzadə 1934-cü ilin yazında Şuşada anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirdikdən sonra elə həmin təhsil ocağında əmək fəaliyyətinə başlayıb. On iki il futbol kafedrasında çalışıb. 1979-cu ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna direktor müavini göndərilib. Sonralar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində futbol şöbəsinin, 1987-ci ildə Bakı Rabitə Texnikumunda bədən tərbiyəsi şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
İdman fəaliyyətinə 23 yaşından başlayan Eldar Əzimzadə Bakı birinciliyində, sonra SSRİ-nin yığma komandalarının müxtəlif yarışlarında hakimlik edib. O, 1974-cü ildə SSRİ-də on ən güclü hakim siyahısına daxil edilmiş, beş ildən sonra isə ölkənin bir nömrəli hakimi hesab olunmuşdur. Onun haqqında oxuduğumuz bir məlumat bu unudulmaz insanın portretini bir daha tamamladı. 1978-ci ildə Eldar Əzimzadə Danimarka-Portuqaliya görüşünü idarə edib. Bu, onun milli komandalar səviyyəsində idarə etdiyi ilk rəsmi oyun idi. Matç zamanı belə bir hadisə baş verib. Görüşün ortalarında tribunadan meydançaya daş atılıb. Eldar Əzimzadə oyunu dayandırıb. Matçın komissarını meydana dəvət edərək deyib ki, qoy stadionda elan edilsin, əgər bir də meydana daş atılsa, o, görüşü dayandırıb yerli komandaya məğlubiyyət verəcək. Bundan sonra azərkeşlər özlərini intizamlı aparıblar. Dürüstlüyünə və oyunları yüksək səviyyədə idarə etdiyinə görə FİFA 1979-cu ildə Eldar Əzimzadəyə beynəlxalq dərəcəli hakim adını verib. O, 1983-cü ilədək bu missiyanı ləyaqətlə yerinə yetirib. Hakimlik həyatını finişə çatdırdıqdan sonra gələcək idman kadrlarının hazırlanmasında əməyini, məsləhətini əsirgəməyib. "Məhəbbətim mənim - futbol" adlı kitabında isə futbolda keçən həyatını qələmə alan Eldar Əzimzadə başına gələn maraqlı hadisələri də qələmə alıb. Beynəlxalq dərəcəli hakimin maraqlı və ibrətamiz həyat yolu bü gün də örnəkdir. 2003-cü ildə dünyasını dəyişən Eldar Əzimzadənin hakimlik estafeti indi də uğurla davam etdirilir.
Tofiq BABANLI
1937-ci ildə Bakıda anadan olan Tofiq Babanlı şuşalı Xanlar bəyin oğludur. 1952-ci ildən boksla məşğul olan bu idmançı dörd dəfə Azərbaycan çempionu, SSRİ idman ustası (1958), əməkdar məşqçi (1966), Ümumittifaq (1980) və beynəlxalq dərəcəli hakim adını almışdır. O, bir müddət idman ustalığı məktəbində məşqçi və baş məşqçi işləmişdir. Azərbaycan yığma boks komandasına baş məşqçi təyin edilən Tofiq Babanlı güclü idman ustaları, SSRİ çempionatı və birinciliklərinin qalib və mükafatçılarını, gənclərin Avropa kuboku yarışlarının qızıl medalçılarını, müxtəlif beynəlxalq yarışların qaliblərini hazırlamışdır. Tofiq Babanlı Azərbaycan Boks Federasiyasının məsul katibi olmuşdur.
1980-ci ildə Ümumittifaq dərəcəli hakim adı qazanmış T.Babanlı, müsabiqə yolu ilə Moskva Olimpiya Oyunlarının hakimlər korpusuna daxil edilmiş, təşkilat komitəsinin fəxri fərmanı və xatirə medalı ilə təltif olunmuşdu. 1955-ci ildə beynəlxalq dərəcəli hakim (EABA) adına layiq görülmüş, bir sıra mötəbər beynəlxalq yarışların ədalət təmsilçisi olmuş və qərəzsiz hakimliyinə görə müxtəlif mükafatlar almışdı.
İki müxtəlif sahənin mütəxəssisi olan Tofiq müəllim daha çox idman sahəsində fərqlənsə də, yaradıcılıq işlərində də az uğurlar qazanmayıb. Onun uzun illər yığma komandalarda apardığı müşahidələrin, pedaqoji nəzarətin və elmi-nəzəri araşdırmaların nəticələri mütəmadi olaraq nəşr edilərək idmançı, məşqçi və mütəxəssislərin ixtiyarına verilib. 30-dan artıq dərslik, metodiki tövsiyələr, dərs vəsaiti, elmi məqalə müəllifi olan Tofiq Babanlıya 1999-cu ildə dosent adı verilib. Əmək və idman veteranı olan Tofiq Babanlı deyir ki, şəxsi mükafatlar kolleksiyasında ən böyüyü və əzizi olanı 2002-ci ildə ulu öndər Heydər Əliyevin imzası ilə layiq görüldüyü "Tərəqqi" medalıdır.
İdmanın çoxşaxəli sahələrinin inkişafındakı əməyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına layiq görülüb. 75 yaşının 60 ilini idmana, idmanın inkişafına və tərəqqisinə sərf etmiş mütəxəssis bu gün də həvəslə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində çalışır.
...Azərbaycan idman tarixinin şərəfli səhifələrini yazan şuşalılar arasında beynəlxalq dərəcəli hakim (1967), 12 dəfə qılıncoynatma üzrə Bakı və respublika çempionu, əməkdar bədən tərbiyəsi və idman xadimi Cavad Qurbanov, Beynəlxalq Həndbol Kubokunun sahibi (1983), SSRİ-də ilk dəfə olaraq həndbol üzrə namizədlik dissertasiyası müdafiə etmiş (1968), uzun illər Olimpiya oyunlarında dopinq mərkəzinə rəhbərlik edən Kamal Kəbirlinski, klassik güləş üzrə SSRİ idman ustası (1964), pedaqoq Zakir Babayev, idman təşkilatçısı, İkinci dünya müharibəsi zamanı göstərdiyi igidlik və qəhrəmanlığa görə 17 orden və medala layiq görülmüş, sonralar "Dinamo" İdman Cəmiyyətinin rəhbəri olmuş Nüsrət Bağırov, şahmatçı, beynəlxalq qrossmeyster Firuzə Vəlixanlı və onlarla başqaları var ki, onların idmanın inkişafında böyük əməkləri var.
Flora XƏLİLZADƏ