"Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda “Şerif”ə qarşı keçirəcəyi cavab oyununun hakim təyinatı açıqlanıb.
İyulun 18-də “Dalğa Arena”da baş tutacaq görüşü qazaxıstanlı hakimlər briqadası idarə edəcək.
Baş hakim Bulat Sariyevə yan xətt hakimləri Denis Labaşov və Yuri Tixonyuk kömək edəcək. Dördüncü hakim funksiyasını isə Aydın Tasıbayev yerinə yetirəcək.
Azərbaycan adı 32 yaşlı referi üçün həm tanış, həm də doğmadır. Qazaxıstanın yüksək liqasına 2017-ci ildən təyinat alan Sariyev, həmin il həm də beynəlxalq oyuna göndərilib.
FİFA referisi qismində debüt matçında Bakıya gəlib. U-21-lər arasında keçirilən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da baş tutan Azərbaycan – Almaniya görüşündə Bulat dördüncü hakim funksiyasını yerinə yetirməklə bizimkilərin 0:7 hesablı yenilgisinə şahidlik edib.
Həmin görüşün iştirakçısı olmuş Qismət Alıyev bu gün “Zirə”nin kapitan sarğısını daşıyır.
Qazax hakimin beynəlxalq oyun təcrübəsi baxımından axsadığını deyə bilərik.
Baş hakim qismində avrokuboklarda iki oyuna təyinat alıb. Əsas milli komandaların cəmi bir matçı ona həvalə olunub. Bir sözlə, görüb-götürəcəyi çox şey var.
İyulun 11-də Moldovada baş tutan ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Cavab qarşılaşması iyulun 18-də saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.
HƏBİB / SPORTİNFO.AZ