COP29

Onun Azərbaycandakı agentləri

3 Sentyabr 03:40 Araşdırma 1 325
Onun Azərbaycandakı agentləri

Rasmus Kanbek (Rasmus Canbäck): bu ad Azərbaycan ictimaiyyəti üçün çox şey deməsə də, Qərbdən idarə edilən, xüsusilə erməni diasporu/lobbisi ilə bu və ya digər formada bağlı olan şəbəkənin “xaç atalarından” biridir.

İsveçrəli olan Kanbek “frilanser” olaraq çalışır, məqalələrinin əsas yayım platforması “Blankspot” internet jurnalıdır.

Uzaq Skandinaviyadan olan Kanbekin bütün jurnalistika fəaliyyəti əsasən Azərbaycana qarşı məqalələrin hazırlanmasından ibarətdir. Onun məqalələri sayəsində “Blankspot” saytı təmsil etdiyi ölkənin, yaxud regionun məsələlərindən daha çox, Azərbaycan haqqında yayımçıya çevrilib.

Kanbekin Azərbaycanla məqalələrində iki ana xətt yer alır:

Birincisi, OCCRP-nin əsassız iddialarının davam etdirilməsi;

İkincisi, Ermənistanın maraqlarının müdafiəsi, xüsusilə Qarabağda keçmiş separatçı rejimin dəstəklənməsi.

Sual yaranır: xəritədə Bakının yerini doğru-dürüst göstərə bilməyən Kanbekin Azərbaycana qarşı bu qərəzinin kökündə nə dayanır? Uzaq Skandinaviyanın laqeyd və siyasətə çox da maraq göstərməyən nümayəndəsi minlərlə kilometr uzaqlıqda yerləşən Azərbaycandan nə istəyir?

Bunu anlamaq üçün bir qədər dərinə enmək və keçmişə qayıtmaq lazımdır. Və bu zaman bütün yollar Ermənistana çıxır.

2017-ci ildə Ermənistanın Danimarkada səfiri postuna təyin edilən keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan Paşinyan hakimiyyətinin dövründə İsveç səfiri oldu, eyni zamanda, Danimarka və Norveçdə də səfir kimi fəaliyyətini davam etdirdi. Kanbekin jurnalist kimi “parlaması” və bütün fəaliyyətini Azərbaycana qarşı yönəltməsi də həmin dövrə təsadüf edir.

Detallarda çox şey var: Arzumanyanın əsas missiyası həm də Qərb mediasında jurnalistlərin “ələ alınması”, Ermənistanın maraqlarını müdafiə edilməsi, xüsusilə Azərbaycana qarşı kampaniyaların aparılması idi. Keçmiş xarici işlər nazirinə bu missiyanı Ermənistan xüsusi xidmət orqanları verib. Təsadüfi deyil ki, 2008-ci ilin mart hadisələrində Arzumanyan haqqında cinayət işi açılsa da, Sarkisyan 9 il sonra onu Skandinaviya ölkəsinə səfir kimi göndərmişdi. Sarkisyanın dövründə səfir təyin edilən Arzumanyan Paşinyanın dövründə “təltif” edildi və üç ölkədə səfir fəaliyyəti həvalə olundu. Bu məqam onun xüsusi xidmət orqanlarına bağlılığını, hökumətlər dəyişsə də, əsas kadr kimi saxlanıldığını təsdiq edir.

Arzumanyanla tanışlıqdan sonra Rasmus Kanbek İsveç mediasında parlamağa başladı və araşdırmaları, kitabları yüksək tiraj qazandı. Təsadüfi deyildi, çünki erməni xüsusi xidmət orqanlarının “ələ aldığı” Kanbekin Azərbaycana qarşı qondarma iddiaların yer aldığı “araşdırmaları” və “kitabları” erməni lobbisi tərəfindən dəstəklənir, onun maliyyəsini Ermənistanın İsveçdəki səfirliyi, həm də bu ölkədə yaşayayan erməni iş adamı – “GN “GN Tobacco Sweden” şirkətinin sahibi Gevorq Nalbandyan təmin edirdi.

- “Mən hər gün yavaş-yavaş ölürəm: Dağlıq Qarabağın içindən reportaj” kitabı;

- “Azərbaycanın kürü diplomatiyasının yeni üzvləri” məqaləsi.

Və bu kimi yalnız Azərbaycana qarşı olan məqalələr Kanbekin “mürəkkəbinin” məhsullarıdır. Uzaq Skandinaviyadan olan bir “jurnalisti” işğal altında olan Qarabağa gətirən də erməni lobbisi və pulları idi. Kanbek ilk dəfə 2016-cı ildə Qarabağa qanunsuz səfər edib, ikinci səfərini 2017-ci ildə, üçüncü səfərini 2019-cu ildə həyata keçirib. Bütün səfərlərini ermənilərin “qəhrəmanlığına” həsr olunan məqalələrlə bəzəyib, təbii ki, Azərbaycana qarşı ittihamlar fonunda. Ermənilərin İsveçdəki “mirzəsi” sonuncu dəfə 2021-ci ildə - separatçıların qalıqlarının hələ də olduğu Xankəndinə gəlməyi bacarıb, hətta bir qrup isveçli jurnalisti də bura gətirməyə çalışıb, bu məqsədlə erməni lobbisinin ayırdığı pulları da xərcləyib. Qarabağda separatizm məhv edildi, Azərbaycanın suverenliyi bərpa olundu. Buna rəğmən, isveçli jurnalist Bakıya qarşı ittihamlarından əl çəkmir.

Onun avqustun 29-da yayımlanan “Biz düzgün işləyə bilmədik”: “Dağlıq Qarabağın” mühasirəsi zamanı Azərbaycan Qızıl Xaç təşkilatının yardımına necə mane oldu?” məqaləsi erməni lobbisinin Azərbaycana qarşı növbəti kampaniyanın başlandığından xəbər verir. Məqalənin məhz OCCRP tərəfindən tirajlanması da buna hesablanıb. OCCRP-nin erməni lobbisinin sifarişi əsasında Azərbaycana qarşı kampaniyaların aparılması üçün platforma olaraq istifadə edildiyi bəllidir. Bu təşkilatın vaxtilə hazırladığı uydurma “Azərbaycan çamaşırxanası” layihəsi də Qərbin siyasi müstəvisində rəsmi Bakının mövqelərinin zəiflətməyə, xüsusilə Qarabağ məsələsində “təslimçi sülhə” məcbur etmək məqsədi daşıyırdı. Bütün bu planlar baş tutmasa da, erməni lobbisi Azərbaycana qarşı planlarından əl çəkmir.

Kanbekin Qarabağda “ermənilərin mühasirəsi” haqda utopik uydurmaları da bu prosesin tərkib hissəsidir və cari dövr üçün müəyyən proqnozları ortaya çıxarır:

1. Azərbaycana qarşı “erməni məsələsi” üzərindən yeni hücumlar ediləcək;

2. Erməni lobbisi Qərb institutlarını Bakıya qarşı kampaniyaya qoşmaqla təzyiq dalğasını böyüdəcək;

3. Bunun məhz parlament seçkisinə hazırlıq olduğu, eləcə də COP29 dövrünə hesablandığı aydın görünür;

4. Əsas hədəf Bakıya təzyiq etmək, həbsdə olan separatçıların sərbəst buraxılmasına, eləcə də Azərbaycan-Ermənistan sülh danışıqlarında İrəvanın mövqeyini gücləndirməyə nail olmaqdır.

Burada diqqət çəkən məqam Rasmus Kanbek vasitəsilə yenidən başlanan anti-Azərbaycan kampaniyasında ölkə daxilindəki agentlərin də iştirakıdır. Açıq mənbələrdə yayılan məlumatlar erməni lobbisinin Azərbaycanda iki istiqamətdə agent şəbəkəsi qurmağa çalışdığı fikrini önə çıxarır.

Birincisi, keçmiş diplomatlardır: onlardan dövlət strukturlarına sızmaq, yaxud dövlət əhəmiyyətli məlumatların əldə edilməsi məqsədilə istifadə edilib.

Azərbaycanın ABŞ və Uruqvaydakı səfirliyində işləmiş Emin İbrahimovla bağlı ortaya çıxan faktlar bu planın ifşasında diqqətəlayiq məqamdır. E.İbrahimov 2020-ci ilin martında “müxalif mövqe” sərgiləyərək diplomatiya sahəsindəki işindən uzaqlaşıb. Onun bu addımından sonra başlanan araşdırma nəticəsində məlum olub ki, keçmiş diplomatın Uruqvayda olan zaman Qərbin xüsusi xidmət orqanları ilə təmaslarına dair şübhələr var. Maraqlıdır ki, İbrahimov Bakıda yaşadığı 4 il müddətində heç bir yerdə işləməyib və daha çox sosial şəbəkələr üzərindən ictimai dəstək toplamağa çalışıb.

E.İbrahimovun əsas missiyası parlament seçkiləri və COP29 dövründə fəallaşmaq imiş. Araşdırmalara görə, keçmiş diplomat bu işdə tək olmayıb, onun fəaliyyətini və addımlarını gücləndirmək üçün başqa keçmiş diplomat da bu yaxınlarda Azərbaycana göndərilib. Həmin şəxsin adı açıqlanmır. Adının açıqlanmadığı keçmiş diplomatın Qərbin xüsusi xidmət orqanları ilə təmaslarının 2015-ci ildə Rumıniyada işlədiyi vaxt yarandığı müəyyən edilib və buna görə XİN sistemindən xaric edilib.

Ölkə xaricində fəaliyyəti müddətində yüksək peşəkarlıq və kibertəhlükəsizlik qaydalarına riayət edərək ingilis dilində Azeri Herald internet resursu yaradıb və məqsədli şəkildə ölkəmizin daxili və xarici siyasətini hədəfə alıb. Həmin diplomatın Xarici İşlər Nazirliyi sistemində hazırda işləyən şəxslərlə vahid şəbəkə formasında əlaqələrinin müəyyən olunduğu haqda məlumatlar var. Təcrübə deməyə əsas verir ki, Qərb xüsusi xidmət orqanları ilə təmaslar quran diplomatların erməni lobbisi, dolayısı ilə erməni xüsusi xidmət orqanları ilə da əlaqələri olur, yaxud ən zəif ehtimal kimi, bu şəxslər Azərbaycanda Ermənistanın da maraqlarının müdafiəsinə yönəldirilir. Xüsusilə sızdırılan dövlət əhəmiyyətli informasiyalarından Ermənistanın da yararlandığı ehtimalı böyükdür.

Diqqətçəkən məqamlardan biri də keçmiş diplomat E.İbrahimovun məhz Uruqvayda – erməni diasporu\lobbisinin güclü olduğu bu ölkədə fəaliyyət göstərərkən işdən çıxması, Bakıya xüsusi missiya ilə göndərilməsidir. E.İbrahimov 44 günlük müharibə və Qarabağda separatizmə qarşı antiterror tədbirləri zamanı “novarçı” mövqeyi ilə seçilib, “sülh” adı altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsinə qarşı çıxıb. Erməni lobbisinin – xüsusi xidmət orqanlarının Azərbaycan daxilindəki “təsir agent”lərindən məhz bu məqsədlə istifadə etdiyi sirr deyil.

İkincisi, vətəndaş cəmiyyəti institutlarında fəaliyyət göstərən “fəallar”dır.

“Novarçı”lar kimi tanınan şəbəkə casusluq fəaliyyətlərini “sülhpərvər” imic altında pərdələməyə, bununla həm də ictimai rəyi manipulyasiya etməyə çalışır. Dövlətə xəyanət ittihamı ilə həbs edilən Bəhruz Səmədovun əməlləri istintaq tərəfindən artıq sübuta yetirilir. Bu şəxs sosial şəbəkə hesablarında Qarabağdakı separatçıları açıq şəkildə dəstəkləyir, Azərbaycanın suverenliyini bərpa etmək istiqamətində atdığı addımları “ermənilərin kütləvi deportasiyası”, “erməni əhalinin mühasirəsi” kimi təqdim edirdi. Araşdırmalar nəticəsində məlum olub ki, 2020-ci ildə Vətən müharibəsinin başlanmasından etibarən Ermənistanın xüsusi xidmət orqanlarının nümayəndələri və onlarla əməkdaşlıq edən şəxslərlə təmaslar qurub. Misal üçün, İrina Safaryan, Lilit Şahverdiyan, Sossi Tatikyan və digərlərinin adını çəkmək olar. Lilit Şahverdiyanın teleqram üzərindən Bəhruz Səmədova Azərbaycanda lazımi mövzuların araşdırılması, məlumatların toplanması ilə bağlı konkret tapşırıqlar verdiyi müəyyən edilib. B.Səmədov erməni diasporu tərəfindən Praqada Azərbaycana qarşı təşkil edilən tədbirə qatılıb, birbaşa təmaslarla da tapşırıqlar alıb. B.Səmədovun və onun “novarçı” ətrafının birbaşa erməni lobbisi və Ermənistanaın xüsusi xidmət orqanları ilə bağlantıları aşkar edilib. Maraqlıdır ki, “novarçı” adı altında qurulan agent şəbəkəsində Bəhruz Səmədov kimi “fəallar”la yanaşı, Emin İbrahimov kimi keçmiş diplomatlar da yer alır.

Əsas məqam: Rasmus Kanbek bütün bu prosesin hansı hissəsində yer alır?

“Novarçı”ların – E.İbrahimov, B.Səmədov və digərlərinin Kanbeklə yaxın əlaqələri, sıx əməkdaşlığı olub. Hətta Kanbek Azərbaycana qarşı məqalələrində bu şəbəkənin “ictimai fəal” kimi təqdim edilən üzvlərinə istinad edir, onlardan lazımi materiallar alır. Əslində bu əməkdaşlıq təkcə “məlumat mübadiləsi”, yaxud Kanbekin birbaşa işi olan anti-Azərbaycan yazıları ilə yekunlaşmayıb. Erməni lobbisinin diqqəti yayındırmaq üçün Azərbaycandakı agentləri məhz Kanbek üzərindən ələ aldığı haqda məlumatlar var. Kanbek faktiki olaraq, öz sahibləri üçün agent şəbəkəsinin qurulması işində aktiv iştirakçı olub. Aydındır ki, Kanbekin, onun üzərindən erməni lobbisinin Azərbaycana qarşı hücuma keçməsinin səbəblərindən biri də agent şəbəkəsinin ifşa edilməsidir. Görünür, agentlərini qorumaq, yaxud beynəlxalq diqqəti Azərbaycanın üzərinə yönəldərək müdafiəsini təşkil etmək üçün rəsmi Bakıya təzyiqi qarayaxma kampaniyası üzərindən etməyə çalışırlar.

Asif Nərimanlı

Digər Xəbərlər
Xəbər Lenti