COP29

ODUR - Klubundan qovulan və Avropada tarix yazan “maska oğlan”… FOTOLAR

2 İyul 03:10 Araşdırma 647
ODUR - Klubundan qovulan və Avropada tarix yazan “maska oğlan”… FOTOLAR

Gürcüstan yığma komandası tarix yazaraq çıxdığı Avropa çempionatında ötən gecə İspaniyaya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdı.

Qitənin ən nüfuzlu futbol yarışına vəsiqə qazanmaqla tarix yazan Vili Sanyolun komandası 1/8 finala adlamaqla da sürpriz etdi.

Çempionat boyu oynadığı futbolla göz oxşayan gürcülərin heyətindəki bəzi oyunçular da adından söz etdirməyi bacardı.

Bunlardan biri və əsası Jorj Mikautadzedir. O, qrup mərhələsində 3 qol vurmaqla bombardirlər siyahısına başçılıq edirdi. Həmçinin bu mərhələnin hər 3 matçında qol vuran yeganə oyunçu idi.

Gürcüstanlı oyunçu oynadığı futbol və nəticəsi ilə sözsüz ki, bir çox klubların skautlarının diqqətini çəkə bildi. Bəs, Mikautadze kimdir? Onun kifayət qədər maraqlı karyerası var.

Forvard 2000-ci ildə Fransanın Lion şəhərində doğulub. Buna baxmayaraq hələ uşaq yaşlarından gürcü dilində yazmağı və danışmağı öyrənib. Futbolçu özü bunu belə izah edir: “Mən öz dilimi bilməliyəm. Bu mənim əslimi tanımağım və unutmamağım üçün vacibdir”.

O, yay tətillərində mütləq Gürcüstana gedir və qohumları ilə əlaqəni kəsmirdi. Mikautadze gürcü xingəlinin və acar xaçapurisini çox sevdiyini də müsahibələrində gizlətmirdi.
Onun futbol karyerası “Jerlon” akademiyasında başlayır. Həmin vaxt onun 7 yaşı olub. Daha sonra isə “Lion” akademiyasına yollanır. Burada 15 yaşına qədər çıxış edir. Lakin boyu qısa olduğuna və fiziki gücünə görə buradan qovulur. Mikautadze isə futbol sevgisindən əl çəkmir. Qovulduqdan sonra “Sent-Priest” akademiyasına keçir. Bu klub 5-ci liqada çıxış etsə də, Fransanın Liqa 1 təmsilçisi “Mets”in farm-klubu sayılır. Bu isə Jorjun “Mets”ə yolunu açır. 2019-cu il dekabrın 7-də “Mets”in əsas heyətində “Nitsa” ilə matçda debüt edir. O, 83-cü dəqiqədə meydana çıxır.

Həmin il koronavirus pandemiyası səbəbindən “Mets” Liqa 1-i mövsüm başa çatmamış tərk edir. Aşağı liqaya yuvarlanan komanda oyunçularını icarəyə göndərməyə başlayır və Mikautadze Belçikaya yollanır. O, “Seren” klubu ilə 1-ci liqada çıxış edir. Burada 19 qol vurur, bombardir olur, komandası isə elitaya yüksəlir. Növbəti ildə isə Belçikanın əsas liqasında 14 qol vurmaqla diqqətləri üzərinə çəkir. “Mets” isə oyunçusunu geri istəyir. Fransa Liqa 2-də “Mets” üçün qəhrəmana çevrilir. 23 qol və 8 məhsuldar ötürmə ilə Liqa 2-nin ən yaxşı futbolçusu seçilir.

Həmin vaxt klubun baş məşqçisi Laslö Bölönyi açıqlamasında Mikautadzeni Kilian Mbappe ilə müqayisə edir: “O, Mbappe deyil, amma bizim üçün Kiliandan daha vacib oyunçudur”. Jorju xarici görünüşünə görə fransalı məşhur forvard Kərim Benzamaya da oxşadanlar az deyil.

Ötən il 16 milyon avro qarşılığında “Ayaks”a keçir. 5 illik müqavilə imzalasa da, burada kayerası uğursuz alınır. Cari ilin yanvarından isə “Mets”ə geri dönür. Komandası üçün yenidən vacib fiqura çevrilir. “Mets”in vurduğu 22 qolun 16-da birbaşa pay sahibi olur. Lakin komanda əsas liqada qala bilmir. Forvardın isə artıq 15 milyon avro qarşılığında “Monako”ya keçəcəyi deyilir. Məşhur insayder Fabritsio Romano da bu barədə məlumat yayıb.

Avropa çempionatında azarkeşlər artıq Jorj Mikautadze üçün ləqəb də seçiblər. Onun qol sevincinə görə “maska oğlan” adlandırırlar.

Mikautadze tarixdə komandasının AÇ-də ilk 3 matçının hər birində qol vuran 4-cü oyunçudur. Əvvəllər bunu Viktor Ponedelnik (SSRİ), Xristo Stoiçkov (Bolqarıstan) və Qaret Beyl (Uels) bacarıb. O, həmçinin AÇ tarixində qrup mərhələsinin 3 matçında qol vuran 9-cu oyunçudur.

Elsevər Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO