Bir onlara baxın, bir də özünüzə - Pulsuz ibrət dərsi!

29 Aprel 22:20 Araşdırma 191
Bir onlara baxın, bir də özünüzə - Pulsuz ibrət dərsi!

İki aydan sonra Kristian da Silvanın 36 yaşı tamam olacaq.

2021-ci ildən ölkəmizdə çıxış edən braziliyalı hazırda “Turan Tovuz”un uğurları üçün tər tökür.

Cari Premyer Liqa mövsümündə 30 oyunda meydanda olub, bunların 20-də əsas heyətdə yer alıb. Təkcə komandasının yox, həm də çempionatın sabit futbolçularından sayılır.

“Turan”ın orta xəttini Kristiansız təsəvvür etmək çətindir. Adam meydanda o qədər qaçır, mübarizə aparır ki, elə bilirsən 36 yox, 16 yaşı var.

Saytımıza verdiyi açıqlamada özünü kifayət qədər gümrah hiss etdiyini deyib, 40 yaşına qədər topun dalınca qaçmaq arzusunu gizlətməyib.

İndi keçək bizimkilərə.

Vaqif Cavaodov – 36 yaşını tamamlamağa hazırlaşır. Karyerasını 2019-cu ildə başa vurub.

Rauf Əliyev – o da 1989-cu ildəndir. Futbolçu karyerasıyla 2023-cü ildə vidalaşıb.

Rahid Əmirquliyev – “Xəzər Lənkəran” azarkeşlərinin sevimlisi Kristianla həmyaşıddır. Böyük futbola 2023-cü ildə “əlvida” deyəndən sonra aşağı liqalarda top qovur, həm də məşqçilik edir.

Adları çəkilənlərin hər biri müasir Azərbaycan futbolunda sözünü deyib, uzun illər ölkənin futbol millisinin şərəfini qoruyublar. Taleləri göz qabağındadır. Ən yaxşı halda 34 yaşa qədər futbol oynayıblar, o da əvvəlki səviyyədən uzaq.

Vaqif, Rauf, Rahid bir tərəfə, 1992 doğumlu, yəni 32-33 yaşlı Emin Mahmudov, Qara Qarayev, Ürfan Abbasovun vəziyyətini görürsünüz. Meydanda sözün əsl mənasında ayaq sürüyürlər. Əlacları olsa, baş məşqçilərdən xahiş edərlər ki, ikinci hissədə meydana çıxmasınlar.

36 yaşlı Kristian “Turan”ın yükünü çiyinlərində daşıyır, “Araz-Naxçıvan”ı 34 yaşlı Ramon Maçadosuz təsəvvür etmək mümkün deyil, onunla həmyaşıd Abdullah Zubir “Qarabağ” kimi komandada kapitanlıq sarğısına cavabdehdir.

Çünki onlar futbolsuz yaşaya bilmir. Çünki onlar futbola təkcə qazanc gözü ilə baxmır. Çünki onlar əsl futbolçudur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!