
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.
İclas zamanı iğşal dövründə zərərçəkmiş azərbaycanlılar ifadələr verərək şahidi olduqları hadisələri danışıblar.
Zərərçəkmiş Elxan Ələkbərov ifadəsində o zamanlar Şuşa Milis Şöbəsində çalışdığını, işğala qədər və işğal zamanı hadisələri gördüyünü bildirib.
E.Ələkbərov Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları ilə bağlı 1988-ci il sentyabrın 20-də yaşadığı Şuşa şəhərində komendant saatı tətbiq olunduğunu söyləyib. O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq deyib:
“Müxtəlif zamanlarda bizim Ağdama gediş-gəlişimizdə, digər rayonlarla əlaqə saxlamağımızda böyük problemlərlə qarşılaşırdıq. Yolda bizi daşa basırdılar. Rəhmətlik atamı da avtobusda başını daşla vurub yarmışdılıar. Bəlkə də ölüm səbəbi elə ondan olub”.
O, sonralar Şuşanın xüsusən Topxana və Şuşakənd istiqamətlərindən ağır artilleriya atəşinə məruz qaldığını bildirib:
“Top atəşi ilə vururdular, “Alazan” tipli raketlər atırdılar. Məsələn, mülki şəxs Fərhadov Füzuli Aydın oğlu evində oturarkən “Alazan” tipli raket düşməsi nəticəsində qətlə yetirilmişdi”.
Zərərçəkmiş şəxs 1991-ci il noyabr ayının 5-də Şuşanın Nəbilər kəndinə olan hücumdan da bəhs edib:
“Kənd sakini, mülki şəxs Vahid Sevindiyov qətlə yetirildi. Həmin döyüşdə mən başımdan ağır güllə yarası aldım. Uzun müddət bunla bağlı xəstəxanada qaldım, sonra hospitaldan tərxis olub şəhərimizə qayıtdım”.
O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarına cavabında Şuşanın növbəti dəfə artilleriya atəşinə tutulması zamanı milis şöbəsinin vurulduğunu, milis əməkdaşı Nizami Məmmədovun şəhid olduğunu deyib:
“Daha iki milis işçisi yaralandı. Yaralılardan Sadıq Hüseynov sağalmadı, şəhid oldu”.
Zərərçəkmiş şəxs su kəmərlərinin partladılması və yolların bağlanması nəticəsində Şuşa əhalisinin su və çörək çatışmazlığından əziyyət çəkdiyini deyib: “1989-cu ilin sonundan 1992-ci ilin mayına qədər davamlı atəş altında yaşamışıq”.
Zərərçəkmiş şəxs Şuşanın işğalı barədə danışarkən əhalinin şəhəri tərk etməsi üçün Ermənistan silahlı qüvvələri tərəfindən heç bir dəhliz verilmədiyini də söyləyib:
“Mülki əhalinin çıxması üçün dəhliz verilsəydi, mütləq bilərdim. Heç bir dəhliz olmayıb. Əhali şəhəri çox əziyyətlə tərk etdi. Məsələn, Firuzə adlı bir qadın yoxuşu qalxanda ürəyi partlayıb öldü”.
Şahid qismində dindirilmiş Sahib Sarıyev ifadəsində bildirib ki, 1967-ci ildə Şuşada anadan olub. O, mütəmadi olaraq Xankəndiyə getdiyini də bildirib. Şahid təqsirləndirilən şəxsləri göstərərək deyib:
“Orada oturanlardan Bako Sahakyan, Arkadi Qukasyan şəxsən tanıdıqlarım idi. Biz 1988-ci ilin sentyabrından etibarən Xankəndindəki Malıbəyli pavliyonunda işləyirdik. Bu adamlar oranı yaxşı tanıyarlar. 1988-ci ilin sentyabrın 17-də bunlar əllərində daş, odun, dəmir parçaları ilə tökülüşdülər Malıbəyli körpüsünə. Bunların arasında o prosesdə iştirak edənlər var. Sentyabrın 17-dək orda qaldıq, sonra getdik Şuşaya. Restoranı da birdəfəlik bağladıq. Çünki bunlar imkan vermədilər. Həmin vaxt da bunlar hazırlıqlı vəziyyətdə idilər. Livandan, Suriyadan, Kanadadan, Fransadan milyoner ermənilər pul göndərirdi. Xankəndidə yaşayan Manuçarov “karyer”in direktoru, Nərimanyan ət kombinatının direktoru, Badamyan avtobazanın direktoru, Sehranyan lampa zavodunun direktoru bunları idarə edirdi”.
Şahid çalışdığı yanacaqdoldurma məntəqəsinin qanunsuz erməni silahlı birləşmələri tərəfindən partladılmasını da danışıb. S.Sarıyev Yevlax-Laçın yolunun 112-ci kilometrində Şuşa şəhərindən Laçın şəhərinə gedən yolun sol tərəfindən yolun kənarında yerləşən yanacaqdoldurma məntəqəsində baş operator işlədiyini, həmin yanacaqdoldurma məntəqəsində İlqar Ağalarovla növbələşərək çalışdığını bildirib.
Şahid bildirib ki, 1990-cı il martın 23-də saat 20 radələrində yanacaqdoldurma məntəqəsini bağlayıb Şuşa şəhərinə gedib. Növbəti gün səhər saat 07 radələrində yanacaqdoldurma məntəqəsinə gəldikdə orada polis əməkdaşlarını və yanğınsöndürənləri görüb, həmin vaxt yanacaqdoldurma məntəqəsində olan A-76 markalı içərisində 15 min rubl dəyərində benzin saxlanılan çənin yandığını, həmçinin yanacaqdoldurma məntəqəsində olan vaqonun pəncərələrinin şüşələrinin qırıldığını və vaqonda olan 95 rubl dəyərində telefon aparatının yoxa çıxdığını görüb.
Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Hikmət Zeynalov ifadəsində Şuşada anadan olduğunu, hərbi xidmətinin ilyarımını Ermənistanda - Eçməidzində çəkdiyini bildirib. O, deyib: “Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər.
H.Zeynalov Şuşa şəhəri M.H.Vəzirov küçəsində yerləşən ikimərtəbəli həyətyanı sahəsi olan fərdi evində yaşayıb. 1992-ci il mayın 14-də Xocalı rayonu Muxtarkənd və Şuşakənd istiqamətlərindən atəşə tutularkən, yandırıcı tərkibli raketlərdən birinin onun yaşadığı evə düşməsi nəticəsində evləri dağılaraq bütün əşyaları ilə birlikdə tamamilə yanıb. Nəticədə H.Zeynalova ziyan dəyib.
“Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”, - zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxslər dövlət ittihamçılarının, zərərçəkmişlərin nümayəndələrinin və müdafiə tərəfinin suallarını cavablandırıblar.
Onlar təqsirləndirilən şəxslərin layiqli formada cəzalandırılmasını məhkəmədən xahiş ediblər.