Görəsən, “Qarabağ” nə vaxt “Neftçi”ni “əfv”ə salacaq?

19 Aprel 20:00 Araşdırma 146
Görəsən, “Qarabağ” nə vaxt “Neftçi”ni “əfv”ə salacaq?

Premyer Liqanın XXXI turunda 2024-2025 mövsümünün çempionu müəyyənləşə bilər.

Sportinfo.az xəbər verir ki, bunun üçün “Qarabağ” qarşıdakı turda ikinci pillədəki “Zirə”dən daha çox xal toplamalıdır.

Ağdam təmsilçisi 12-ci çempionluğunu əzəli rəqibi “Neftçi” önündə əldə edə bilər. Azarkeşlər isə sabah Azərbaycan çempionatları tarixində bu komandaların iştirakı ilə 99-cu derbiyə şahidlik edəcəklər.

Həm ümumi statistika, həm də son matçlar “Neftçi”nin rəqibdən xal almaq şansının minimum olduğunu göstərir.

Məsələ burasındadır ki, “ağ-qaralar” bu rəqibini axırıncı dəfə 4 il əvvəl – 2021-ci ilin mayında məğlub etməyi bacarıb – 1:0. Məhz həmin qalibiyyət bakılılara son çempionluğu qazandırmışdı.

4 ildir təşkil olunan 15 qarşılaşmanın yalnız birində “Neftçi” 1 xalla kifayətlənə bilib. Digər 14 matçda bir qayda olaraq “Qarabağ” aktivinə 3 xal yazdırıb.

“Neftçi”nin Azərbaycan derbisində xal qazandığı son oyun isə 2 il əvvələ təsadüf edir (1:1). Son 8 matçda ağdamlılar qələbələri sıralayıb. Hətta paytaxt təmsilçisi axırıncı 4 görüşdə rəqib qapısına heç yol da tapa bilməyib.

Ümumi statistikaya əsasən, indiyə qədər keçirilən 98 oyunun 44-də “Qarabağ”, 23-də “Neftçi” qələbə qazanıb, 31 matç sülhlə nəticələnib. Bu qarşılaşmalarda ağdamlıların 137 qoluna bakılılar 84 topla qarşılıq verə bilib.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!