Bu şəxslər maaşının yarısı qədər ödəniş ala bilər

11 Aprel 07:50 Araşdırma 291
Bu şəxslər maaşının yarısı qədər ödəniş ala bilər

Azərbaycanda zaman-zaman işğaldan azad edilmiş ərazilərdə vətəndaşlar, hərbçi və işçi heyətin minaya düşməsi barədə xəbərlər alırıq.

Ötən günlərdə də Ağdam və Cəbrayılda baş verən hadisələr ictimaiyyətdə narahatlığa səbəb olub.

Xüsusilə xəsarət nəticəsində əmək qabiliyyətini itirənlər diqqət mərkəzindədir.

Həmin şəxslərlə bağlı dövlət hansı ödənişlər və ya güzəştlər nəzərdə tutub? Mina partlamasına görə əmək qabiliyyətindən məhrum olanların yaşayışı necə təmin olunur?

Globalinfo.az məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) soğru ünvanlayıb.

Nazirlikdən bildirilib ki, mina partlaması nəticəsində sağlamlığını itirmiş insanlara əlillik təyin edilir və onların aylıq sosial ödənişlərlə təminatı həyata keçirilir:

“Bütün bu ödənişlər elektron sistemlər üzərindən proaktiv qaydada, yəni vətəndaşların müraciətlərinə ehtiyac yaranmadan təyin edilir. Şəxs hərbi xidmət vəzifələrini yerinə yetirən zaman mina partlaması nəticəsində sağlamlığını itirərək əlillik qazandıqda, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bərabər tutulur. Onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan yararlanır. Mina partlaması nəticəsində sağlamlığını itirmiş insanların məşğulluq məsələlərinin həlli də daim diqqətdə saxlanılır”.

Saytımıza danışan hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, ümumiyyətlə, minatəmizləmə sahəsi təhlükəlidir və bağlanan əmək müqaviləsinə görə bu işi görənlərin peşə riski sığortalanır:

sahib

Sahib Məmmədov

“Şəxs vəfat edərsə, vəsait onun ailə üzvlərinə verilir. Həmin adam da ödənişi əmək pensiyası yaşına çatana qədər alır. Əgər vətəndaş peşə və əmək qabiliyyətini itiribsə, əlillik dərəcəsi müəyyən olunursa, buna uyğun olaraq həm Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya təyin edir, həm də sığorta şirkəti peşə əmək qabiliyyətinin itirilmə faizinə uyğun 65 yaşına çatana qədər birdəfəlik ödəniş edir. Məsələn, minaya düşən şəxs 1000 manat maaş alırdısa, peşə əmək fəaliyyətinin 50 faizini itirsə, 500 manat ödəniş edilir. Əmək müqaviləsinin olmaması başqa məsələdir. İşçini aldadırlar, 3-5 manat verirlər, nəticədə nəsə olanda kompensasiya ala bilmirlər. Əslində işəgötürən hər bir işçini sığortalamalıdır”.

İqtisadçı Natiq Cəfərli qeyd edib ki, sadə vətəndaşlarla müqayisədə hərbçilərin sosial müdafiəsi daha yaxşı təşkil edilir:

photo 1

Natiq Cəfərli

“Həm əngəllilik, həm də müavinətlə bağlı ciddi qoruma qanunları var. Amma sadə vətəndaşlarla bağlı belə qayda yoxdur. Ödənişlər müvafiq icra orqanlarının qərarına əsasən verilir. Təbii ki, bu, sadə parametrlərlə hesablanır. Yəni insanın əmək qabiliyyətinin itirilməsinin minaya düşməsi və ya hansısa istehsalatda xəsarət alması arasında fərq olmadığına görə, onlara minimum sosial müavinətlər təqdim edilir. Bu da iş qabiliyyətinin itirilmə faizinə görə hesablanır. Fikrimcə, işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşların minaya düşməsi halı ilə bağlı xüsusi qanun layihəsinə ehtiyac var”.

Digər Xəbərlər
Xəbər Lenti