“İndi hansısa futbolçunu "milliləşdirməyə" çalışırıq”

11 Aprel 00:40 Araşdırma 616
“İndi hansısa futbolçunu "milliləşdirməyə" çalışırıq”

Azərbaycan futbolunda müşahidə edilən mənfi hallardan biri də yerli hücumçuların məhsuldarlığının aşağı olmasıdır.

Hazırda davam edən Misli Premyer Liqasının bombardirlər siyahısında ilk 6 futbolçunun əcnəbi olması bir növ bunun sübutudur.

XXIX turdan sonra ən məhsuldar futbolçuların siyahısına 11 qolla "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçisi Lenadro Andrade başçılıq edir.

6 və daha çox qol vuran 13 futbolçu arasında cəmi bir azərbaycanlı oyunçu - Nəriman Axundzadə qərarlaşıb. Onun hesabında 8 qol var.

Görəsən, bu durumun səbəbi nədir? Yerli futbolçular məhsuldarlıq baxımından niyə legionerlərin kölgəsində qalıblar?

Sportinfo.az xəbər verir ki, “report” bu suallara cavab tapmaq üçün vaxtilə Azərbaycan çempionatlarının bombardiri olmuş veteran futbolçulara müraciət edib. Onların sorğumuza cavablarını diqqətinizə çatdırırıq.

Nazim Əliyev: “Açığı, bu məsələ məni də düşündürür. Azərbaycanda legioner limiti ləğv olundu. Transfer olunan əcnəbilərin də əksəriyyəti hücumçudur. Komandalar ilk növbədə hücum xəttini fikirləşirlər. Ancaq məsələn, “Qarabağ”da azərbaycanlı hücumçular var və heç olmasa, onlar fərqlənməlidirlər. Ölkədə son illərdə hücumçu yetişdirmək baxımından problemlər yaranıb. Hücumçu istənilən vəziyyətdən qol vurmağı bacarmalıdır. Bu keyfiyyətlər bizim futbolçularda görünmür. Baxırsan ki, qapının 2-3 metrliyində topu qəbul etdikdən sonra onu saxlamaq istəyirlər. Halbuki belə vəziyyətdə topu birbaşa qapıya vurmaq lazımdır. Çünki qarşında müdafiəçilər və qapıçı olur. Deməzdim kadr çatışmazlığı var. Mənim futbolu olarkən başla yaxşı oynamağımın səbəbkarı Anatoli Banişevski olub. Məşqlərdən sonra öz üzərimdə çalışırdım. O da öz məsləhətlərini verirdi. Oyun zamanı hansı mövqedə dayanmağımın, hara qaçmağımın lazım olduğunu başa salırdı. Oyunçu öz sənətini sevməlidir”.

Rövşən Əhmədov: “Əsas səbəblərdən biri budur ki, legionerlər çoxdur. Klublar daha çox hücumçu transfer etməyə üstünlük verirlər. Gələn legionerləri də yaxşı və pis olmasına baxmayaraq, oynatmaq məcburiyyətindədirlər. Hər kəs nəticə qazanmağa çalışır və Premyer Liqadan düşmək istəmir. Ona görə də bu baxımdan ölkə futbolunda problemlər var. Hazırda komandalarımızın sayı artıb və potensiallı yerli hücumçuların olduğu görünür. Ümid edirəm ki, növbəti mövsümdən azərbaycanlı futbolçular bombardir olacaqlar”.

Nadir Nəbiyev: “Son illərdə nəinki hücum, hansı mövqe üçün futbolçu yetişdirə bilirik? Gəlin nəzər salaq, görək hansı hücumçular ölkə çempionatında oynayır? Seçim də yoxdur. Xaricdə yığmaların baş məşqçiləri çox rahatlıqla futbolçu seçə bilir. Biz kimi göstərə bilirik? Bir neçə il əvvəl məşqçilər müdafiəçi seçərkən əziyyət çəkirdilər. Çünki müdafiədə rəqabət çox idi. Həmçinin hücum xətti ilə bağlı da eyni vəziyyət yaranmışdı. Ancaq indi hansısa futbolçunu "milliləşdirməyə" çalışırıq. Bütün mövqelərlə bağlı çətinliklərimiz var. Uşaq futboluna, akademiyalara diqqət yönəltmək, bununla yanaşı, məşqçilərə, futbolçuların yetişdirilməsinə nəzarət etmək lazımdır. Deməzdim problem sırf əcnəbilərin Azərbaycana gətirilməsi ilə əlaqədardır. Əvvəl bütün mövqelərdə oynayanlar qol vura bilirdi. İndi görün yerlilərdən kim fərqlənir? Bilmirəm, futbolçuların yetişdirlməsi üçün daha neçə il gözləyəcəyik? Kağız üzərində yazılanları tətbiq etmək lazımdır. Uşaq futbolunda o qədər problemlər var ki... Futbolçuları həm də xarakterli şəkildə yetişdirmək lazımdır. Yəni şərait yaratmaqla məsələ bitmir. Deyirik ki, meydan yoxdur. Guya olsa, nə dəyişəcək? Əvvəllər də meydanlar yox idi. Bəs niyə futbolçu yetişirdi? Deməli, nəzarət etmək lazımdır”.

Kənan Kərimov: “Əvvəllər keyfiyyətli hücumçuların sayı çox idi. Son zamanlarda demək olar hücumçu yetişmir. Hücumda oynayan yerli futbolçular barmaqla sayılacaq qədərdir. Şəxsi fikrimdir, hər akademiyada və ya klubda hücumçu yetirşdirmək üçün keyfiyyətli mütəxəssis lazımdır ki, prosesə nəzarət etsin. Lakin heç bir klubda belə mütəxəssis yoxdur. Nəticədə keyfiyyət aşağı düşür. Hər klubda sırf hücumçu yetişdirilməsinə nəzarət edən məşqçi olmalıdır. Belədə məhsuldarlıq daha yüksək olar”.

Vadim Vasilyev: “Yerli hücumçular qarşılarına məqsəd qoymur. Əvvəllər də Azərbaycanda legioner hücumçular çox idi. Amma yerli hücumçular bombardir ola bilirdi. Məsələn, mən qarşıma məqsəd qoyurdum ki, üz-üzə gəldiyim bütün qapıçılara qol vurmalıyam. Qapıçıları görəndə gözlərim “şişirdi” və düşünürdüm ki, qol vurmalıyam. Hücumçularımız özlərinin güclü tərəflərini axtarmırlar. Mən bilirdim ki, başla yaxşı oynayıram. Bu səbəbdən başla fərqlənmək üçün mövqe axtarırdım. Zərbə vurmaq texnikası da var. Uşaqlar ustalaşmaq üçün bu baxımdan öz üzərlərində işləməlidirlər”.

Samir Musayev: “Düşünürəm ki, yerli hücumçular Azərbaycan çempionatında yetərincə şans qazanmırlar. Mən hər oyunda meydana çıxırdım deyə, qol vura bilirdim. Məşqçilər güvənirdi, biz də özümüzü göstərməyə çalışırdıq. İndiki gənclərin şans qazanmamalarının konkret səbəblərini deyə bilmirəm. Bəlkə də səbəb klublardan nəticə tələb olunmasıdır. İnandırım sizi, hər oyunda meydana çıxsalar, mövsümün sonunda yerli futbolçuları da bombardirlər siyahısında görə bilərik. Həm də son illərdə akademiyalarda yetişən futbolçularda özlərinə inamsızlıq yaranıb. Çox güman, bu da ölkədə legionerlərin sayının çox olması ilə əlaqədardır. Gənclər düşünürlər ki, onsuz da nə qədər yaxşı olsalar belə, yerlərini legionerlər tutacaq. Özləri ilə söhbətləşəndə də bunları hiss etmək mümkündür. Bu da 18-19 yaşından sonra onların həvəsdən düşməsinə səbəb olur. Digər məsələ də var. Əsas komandada olan yerli futbolçular bir oyun qol vurmayanda, məşqçilər əksər vaxtlarda ikinci dəfə ona şans vermir. Halbuki belə olmamalıdır. Klublar həm də yığma üçün futbolçu yetişdirirlər. Niyə başqalarının uğuruna sevinməliyik? Hazırda ölkədə demək olar yalnız “Qarabağ” yerlilərə şans verir. Tez-tez qol vurmasa belə, Nəriman Axundzadəyə mütəmadi olaraq güvənilir. Güvən olmasa, legionerlərə daha çox şans yaratsan, yerli futbolçu sənə heç nə verməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti