Azərbaycan Ordusuna atəşi kim açıb?

29 Mart 07:40 Araşdırma 386
Azərbaycan Ordusuna atəşi kim açıb?

Ermənistanın Baş naziri Nikol Paşinyanla müdafiə naziri Suren Papikyanın şərti sərhəddə olan təxribat, Azərbaycanın mövqelərinin atəşə tutulması ilə bağlı fikirləri ziddiyətlidir.

Baş nazir heç bir atəşin olmadığını, digəri isə atəşin ancaq havaya atıldığını bildirir.

Eyni zamanda Paşinyan iddia edir ki, guya Avropa İttifaqının nümayəndələri də hər hansı bir atəşkəs pozuntusunu qeydə almayıb.

Bu sözləri Teleqraf-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

“Əgər Ermənistanın müdafiə naziri atəş açıldığını bildirirsə, Avropa İttifaqının çoxsaylı müşahidəçiləri necə olub ki, bunu görməyiblər? Çox maraqlıdır ki, onlar şərti sərhəddə nə işlə məşğul olur? Doğrudanmı onlar vaxtaşırı açılan atəş səslərini eşitmir? Avropa İttifaqının yüz milyonlarla dolları onların susması üçün xərclədiyi də maraq doğurur”, - deyə o qeyd edib.

Komitə üzvünə görə, Ermənistan tərəfindən deyilən ziddiyyətli fikirlər onu deməyə əsas verir ki, erməni ordusunda atəşkəslə barışmayan, ali baş komandanın əmrləri ilə razılaşmayan təbəqə mövcuddur: “Bunun özü göstərir ki, Ermənistan dövlətçiliyinin sütunları kifayət qədər zəifdir. Ölkə liderinin imzalayacağı sənədi hakim dairələrin müəyyən təbəqələri sadəcə olaraq nəzərə almaya bilərlər”.

“Bütün bunlar onu göstərir ki, Azərbaycan sülh müqaviləsini imzalamaqda tələsməməklə haqlıdır. Azərbaycan Ermənistandan səmimiyyət, vahid mövqe, mehriban qonşuluq münasibəti yaratmaq istəyinin real nəticələrini gözləyir”, - Aydın Mirzəzadə əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti