
Ağdamın Sarıcalı kəndində sakinlərə verilən evlərin həyətyanı sahəsinin həcmi bəlli olub.
Bu barədə Prezident İlham Əliyev Ağdamda buraya köçən sakinlərlə görüşündə bildirib.
Dövlət başçısı bildirib ki, Sarıcalı kəndinin, sadəcə olaraq, birinci mərhələsinin inşası başa çatıb:
“Burada hazırda 200-dən çox ev var. Amma ikinci mərhələ başa çatandan sonra təqribən evlərin sayı 400-ə çatacaq. Yaşamaq üçün bütün şərait var. Gözəl, yaraşıqlı evlər, elektrik, su, qaz, istilik, gözəl məktəb, uşaq bağçası, tibb məntəqəsi, idman meydançası, ictimai xidmət yerləri, hətta bazar kompleksi də var. Evlərin həyətyanı sahəsi də kifayət qədər böyükdür - 12 sot. Eyni zamanda, ətraf ərazilərə su veriləndən sonra o torpaqlarda da əkin-biçin işləri aparmaq mümkün olacaq. Sərsəng su anbarı və Suqovuşan su anbarı bu imkanı bizə yaradacaq. Sadəcə olaraq, vaxtilə inşa edilmiş kanallar bərpa edilməlidir. Bu istiqamətdə də iş gedir”.