
Coy Lens Mikels (“Sabah”) və Leroy Mikels (“Şamaxı”) Premyer Liqanın başa çatmış 3-cü dövrəsindən sonra qapıya endirilən zərbələrin sayına görə liderliklərini qoruyurlar.
Sportinfo.az xəbər verir ki, idman.biz ölkə çempionatının ilk 27 turundan sonra zərbələrin statistikasını nəzərdən keçirib.
Almaniyalı futbolçulardan Coy Lens 64 zərbə ilə birinci, qardaşı Leroy isə 62 zərbə ilə ikinci sıradadır. İlk “üçlüy”ü 55 zərbə ilə Coy “Sabah”dan Cessi Sekidika qapayır.
Salifu Suma (Zirə) 47, Ramon (“Araz-Naxçıvan”) 46, Belajdi Pusi (“Şamaxı”) 45 zərbə ilə sonrakı yerləri tuturlar. Azərbaycan futbolçularından ən yüksək nəticə ümumi siyahıda 44 zərbə ilə 7-ci olan Toral Bayramovdadır (“Qarabağ”).
İlk “onluq”da olanlardan ən az qol 42 zərbə ilə siyahıda 8-ci olan Emanuel Addaidədir. “Qarabağ”ın futbolçusu bu zərbələrdən yalnız 3-nü qola çevirə bilib.
Qol vura bilməyən futbolçular sırasında ən çox zərbə Nuno Rodrigesdədir. “Araz-Naxçıvan”ın futbolçusu rəqib qapılarına 28 zərbə endirsə də, heç birini qola çevirə bilməyib.
Çempionatın bombardiri Leandro Andrade (“Qarabağ”) 40 zərbəsindən 11-dən sonra rəqibləri mərkəzə dəvət edib.
Kabo-verdeli yarımmüdafiəçi 20-dən çox zərbəsi olan futbolçular sırasında ən yaxşı qol konversiyasına malik oyunçudur. Onun zərbələrinin 27,5 faizi qolla nəticələnib.
Zərbələrin dəqiqliyinə gəldikdə, Coy Lens Mikels burada da qapı çərçivəsinə gedən 26 zərbə ilə liderliyini qoruduğu halda, Leroy Mikelsin ikinciliyinə 25 zərbə ilə Davit Volkov (“Zirə”) şərik çıxıb. Toral Bayramov (18 dəqiq zərbə) burada da Azərbaycan futbolçularının lideridir.
Zərbələri ən çox bloka alınan futbolçu (22 dəfə) Ruan Renatodur (“Zirə”).