
Xəbər verildiyi kimi, Prezident İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunulub, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünyasəviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olunub.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.
Bəs niyə məhz “Barselona” futbol akademiyası? Akademiyanın fəaliyyəti nədən ibarət olacaq? Milli və uşaq futbolumuzun inkişafı baxımından əhəmiyyəti nədir?
Onu da bildirək ki, “Barselona” prezidentinin Bakı səfəri bir faktın üstünü açmaqla yanaşı, Azərbaycanın bu istiqamətdə qazandığı uğur üzərinə diqqət çəkib.
“Düşünürəm ki, bəzi məsələlərin üstünü açmağın vaxtıdır. Hamınız bilirsiniz ki, "Barselona" qonşu ölkədə (Azərbaycanı nəzərdə tutur - red.) futbol akademiyası açacaq, amma bu, sikkənin o biri üzüdür".
Sportinfo.az xəbər verir ki, bunu erməni marketoloq Alfred Petrosyan "facebook" hesabında yazıb
O bildirib ki, sözügedən akademiya Ermənistanda açılmalı idi, lakin plan baş tutmadı:
“Sikkənin digər tərəfində belə bir hekayə var: "Barselona" akademiyası Ermənistanda açılacaqdı. Mən bütün bu prosesi idarə etdim, hətta ilkin müqavilə də imzaladıq.
Müqaviləmizdə xüsusi bir bənd var idi: buna görə yaxın 40 ildə qonşu ölkələrimizdən heç birində “Barselona” akademiyası açılmamalı idi.
Layihənin səfiri kimi Ronaldinyonu seçmişdik. Təkcə müqavilənin imzalanması üçün tarix təyin etmək qalırdı, amma gördüyünüz kimi, o gün heç vaxt gəlmədi".