
“Hazırda klublardan lisenziyalaşdırma ilə bağlı sənədləri toplayırıq.
Onlar payız aylarından bizə müraciət ediblər.
Mart və aprel ayları sənədlərin toplanması aparılır. Mayda isə qərarlar verilir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov deyib.
AFFA İcraiyyə Komitəsinin qərarı ilə növbəti mövsümdən 1-ci liqadan 3 klub Premyer Liqaya yüksələcək. Hazırda isə “Qəbələ”dən başqa digər klublarda infrastruktur ürəkaçan deyil.
Elçin Məmmədov klublardan toplanan sənədlərə baxıldıqdan sonra yekun qərarın veriləcəyini və hazırda bu barədə danışmağının düzgün olmadığını bildirib:
“Biz yekun qərar veriləndən sonra açıqlama veririk ki, hansı klub hansı lisenziya növünə müraciət edib və hansı lisenziyanı alıb. Amma detallı şəkildə qərarı biz ancaq klubun özünə göndəririk. Klub özü bu barədə mətbuata açıqlama verə bilər. Məsələn, bəzi klublar Premyer Liqa üçün müraciət edir, amma 1-ci liqa lisensiyasını ala bilir. Bunun da müəyən səbəbləri olur. Klub da istəmir ki, ictimaiyyət bunları bilsin. Bizim də klublarla məxfilik barədə razılaşmamız olduğu üçün bununla bağlı açıqlama vermirik. Yalnız klub ictimaiyyətə səhv məlumat versə, onda açıqlaya bilərik. Ona görə də mən konkret hansı klubda nə çatmadığını deyə bilmirəm”.
E.Məmmədov 1-ci liqa klublarının əksəriyyətinin bərbad durumda olan stadionları ilə bağlı isə bunları qeyd edib: “Sırf stadionların qiymətləndirilməsi iki növə bölünür. Birinci odur ki, klublar UEFA lisenziyasını almaq istəyir. Orda konkret UEFA-nın şərtləri var. Prmeyer Liqa, 1-ci liqa, uşaq liqaları, qızlar liqası və digərləri haqda isə bizim qaydalarda yazılır ki, yarışları keçirən qurumun əsasnaməsinə uyğun olaraq stadion tələblərə cavab verməlidir. Məsələn, 1-ci liqa klubu Premyer Liqada oynamaq üçün müraciət edir. Onlar müvafiq sənədləri bizə göndərir. Biz isə siyahını PFL-ə göndəririk. PFL bizə desə ki, bəli, bu, bizi qane edir, standartlara uyğundur, ondan sonra qərar verilir. Yəni biz bunu özümüz qiymətləndirmirik”.
AFFA rəsmisi “1-ci liqa klublarından hansıların lisenziyalaşdırmaya cavab vermək şansı çoxdur” sualına da konkret cavab verə bilməyəcəyini deyib: “Hazırda biz sənədləri toplama prosesindəyik. Ona görə də indidən cavab verə bilmərəm. Sənədləri tam görməmiş buna cavab vermək çətindir”.
E.Məmmədov AFFA tərəfindən klublar qarşısına qoyulan tələblərin dəyişmədiyini bildirib: “Bizdə 6 meyar var. İdman meyarı uşaq futboluna aiddir. İnfrastruktur meyarı dedikdə stadionlar nəzərdə tutulur. Kadr və inzibati meyar var ki, biz orda məşqçilərlə inzibati heyətin müvafiq diplomlarına baxırıq. Hüquqi və maliyyə sənədləri yerində olmalıdır. Bir də yüksək liqa üçün sosial məsuliyyət meyarları var. Bütün bunlarla bağlı sənədləri yığandan sonra biz bilirik ki, klub lisenziyalaşdırmaya cavab verir, yoxsa yox. Tələblər eynidir. Amma bizdə hər il qaydalar yenilənir. O da bir neçə məsələ ilə bağlıdır. İlk növbədə UEFA qaydaları yeniləyir. Bundan başqa, il ərzində müəyyən tələblər çıxır ki, onu nəzərə alıb qaydaları təkmilləşdiririk”.
E.Məmmədov “Araz-Naxçıvan”ın 2 ilə yaxındır Naxçıvanda yox, Mərdəkandakı stadionda çıxış etməsinə də toxunub: “Araz-Naxçıvan”ın öz stadionunda durum necədir, bilmirəm. Qaydalarda heç bir qadağa yoxdur ki, klub konkret bir şəhərdə oynasın. Hətta UEFA da belə bir tələb qoymur. “Araz-Naxçıvan”ın sifariş verdiyi stadion (“Liv Bona Dea Arena”-red.) qaydalara tam cavab verir. Hətta UEFA tələblərinə də cavab verir. Buna görə də lisenziyalaşdırma baxımından heç bir problem yoxdur”.