
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu, əslən serbiyalı olan Branimir Subaşiç publika.az-a müsahibə verib.
“Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Qarabağ” kimi klublarımızda çıxış etmiş sabiq forvard hazırda vətənində yaşayır.
Onunla ötən günləri vərəqlədik, Azərbaycanla bağlı xatirələrini öyrəndik.
- Karyeranı bitirdikdən sonra sanki futboldan uzaqlaşdınız. Hazırda nə işlə məşğulsunuz?
- Bəli, dərhal öz biznesimə başladım. Hazırda hər şey əla gedir. Mənə futbol oynamaq üçün dəvətlər gəldi. Amma iş həyatım dərhal, başqa cür başladı. Hər şey belə yaxşıdır.
- 8 il əvvəl karyeranızı baş vurmusunuz. Meydanlar üçün darıxırsınız?
- Bəzən darıxıram. Amma problem deyil.. Minifutbol oynayıram və superdir! Həyatım boyu çox qaçmışam, ona görə də hər şey yaxşıdır (gülür).
- Azərbaycanda 4 klubda çıxış etdiniz. Hansı sizin üçün doğmadır?
- Bəli, hamısı yaxşı komandalar olub. Təbii ki, hər biri haqqında xoş xatirələrim var. Yaxşı klublardı. Amma ən yaxşı illərim “Neftçi”də keçib.
- 2008-ci ildə "Neftçi"dən "Srvena Zvezda" kimi tanınmış kluba keçdiniz. Amma o zaman üçün bildirirdilər ki, siz "Neftçi"də qalsaydınız daha doğru olardı və karyeranız daha uğurlu olardı. Siz necə düşünürsünüz?
- O vaxt üçün “Srvena Zvezda” yaxşı variant idi. Fikirləşdim ki, yaxşı olacaq. Amma deyəsən, səhv etmişəm. İnsan harada səhv edəcəyini bilsəydi, bunu etməzdi.
- "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" - bir-birinə prinsipial rəqib olan komandalardır və hər birində oynadınız. Həmin vaxt hansısa təzyiq və problemlə qarşılaşdınız?
- Təbii ki, belə rəqiblərdən birinə keçəndə təzyiq olmalıdır. Deyə bilərəm ki, üzərimdə böyük təzyiq olmadı. Amma təbii ki, qəribə hiss idi.
- Əgər imkanınız olsaydı, hansı klubda yenidən çıxış etmək istəyərdiniz?
- “Neftçi”də… Ən yaxşı illərim bu klubda keçib. “Neftçi” mənim üçün həmişə xüsusi olacaq.
- Azərbaycan millisi ilə bağlı xatirələriniz necədir? Milli komanda seçiminə görə peşman deyilsiniz?
- Azərbaycan millisini seçdiyimə görə peşman deyiləm. Çox yaxşı təcrübə oldu. Hər şey yaxşı başladı. Daha məhsuldar ola bilərdim. Amma alınmadı. Yığmada oynadığıma görə heç vaxt peşman olmadım. Əksinə çox böyük fəxr idi. Bir dəfə milli komandadan imtina etdim. Onda Berti Foqtsun vaxtı idi. Milli komandaya çox böyük təzyiq var idi. O, 6 ayın işini 1 həftədə görməyə çalışırdı.
- Bakıya sonuncu səfəriniz nə vaxt olub? Sizin üçün yad olmayan bu şəhərə yenə gəlmək istəyərdiniz?
- Tezliklə Bakıya gələcəm. Gəzintiyə çıxmaq, oyunlara baxmaq üçün isti havanı gözləyirəm. Ya milli komandanın, ya da “Neftçi”nin oyununa gələrəm. Çox darıxmışam.
- Azərbaycanda kimlərlə dostluq münasibətləriniz qalıb?
- Bu yaxınlarda bəzi dostlar məni Azərbaycana dəvət edib. Onların bir çoxu məşqçidi. Kimisə və ya nəyisə görmək həmişə xoşdur. Azərbaycanı həmişə xoş hisslərlə xatırlayıram. Pis şeyləri unuduram, yaddaşımdan silirəm. Çox darıxmışam və tezliklə gələcəm.
- Azərbaycanda, Bakıda ən çox sevdiyiniz yerlər hansıdır? Haraları yenidən görmək istəyərdiniz? Adını eşitdiyiniz, amma kəşf etmədiyiniz yerlər var?
- Azərbaycanda çox yer dəyişib. Yeni tikililər, yaşıllıqlar və parklar. Azərbaycan çox gözəldir. Çox gözəl təbiəti də var. Bir sıra yerləri bilirəm. Ora gələndə çox yaxşı vaxt keçirəcəyəm.
Heybət Məmmədov