
AFFA rəhbərliyində növbəti dəyişikliyin olacağına dair xəbərlər yayılıb.
İddialara görə, federasiya başbilənləri hazırda belçikalı funksionerlərdən biriylə danışıqlar aparır.
Həmin əcnəbinin qurumun texniki direktoru postuna gətirilməsi nəzərdə tutulur. Deyilənə görə, Cahangir Həsənzadəni əvəzləməsi planlaşdırılan avropalı martın əvvəlində ölkəmizə təşrif buyuracaq.
İnofrmasiyanı dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli ilə əlaqə saxladıq.
Press-ateşe bildirdi ki, hazırda texniki direktor vəzifəsinə yeni təyinat gözlənilmir və yayılan xəbərlərin heç bir əsası yoxdur.
Xaricilərin AFFA-da çalışması yeni təcrübə deyil. federasiya bu praktikadan uzun illərdir istifadə edir.
Axır illərə kimi texniki direktor postunu Bernard Lippert tutub. Almaniyalı yola salınandan bəri həmin vəzifə Cahangir Həsənzadəyə tapşırılıb.
Hazırda AFFA-da bir belçikalı işləyir. Frank De Blekere ötən ilin yayından bəri Hakimlər Komitəsinin sədridir.
SPORTİNFO.AZ