“Qarabağ” görün, “Neftçi”nin “gözünün odunu” necə alıb!

15 Fevral 21:20 Araşdırma 2 263
“Qarabağ” görün, “Neftçi”nin “gözünün odunu” necə alıb!

Həftənin bazar günü əsl istirahət üçün əsas var.

Bütün milli çempionatların iki iştirakçısı – “Neftçi”ylə “Qarabağ” üz-üzə gələcək.

Son illər Azərbaycan derbisi adlandırdığımız qarşılaşma son dönəmlərdə nüfuzunu itirsə də, bu dəfə fərqli oyuna şahidlik edəcəyimiz sirr deyil.

“Neftçi Arena”dakı stadionun biri tərəfində son üç oyunu qələbə ilə başa vuran “ağ-qaralar” dayanacaqsa, digər yarımhissəsində cari mövsümdə qeyri-sabitliyi ilə diqqət çəkən “köhlən atlar” qərarlaşacaq.

Bakılıların 2025-ci ildə keçirdiyi 5 görüşün cəmi 1-də məğlub olması, üstəgəl, ötən turda çətin Zirə səfərindən qələbə ilə qayıtması meydan sahiblərinin xal(lar) qazanmaq şansını artırsa da, “Qarabağ”ın “Səbail”lə oyunda 15 dəqiqəyə 5 qol vurduğunu göz önünə gətirəndə, dərin düşüncələrə dalırsan.

Ümumiyyətlə, “Qarabağ”ın futbolçuları hansı vəziyyətdə olmasına baxmayaraq, “Neftçi”ylə matçlara sonuncu oyun gözüylə baxırlar. Xüsusən “Neftçi Arena”dakı duellər xüsusi marağa səbəb olur. İstər meydanda, istərsə də tribunalarda.

Bu komandalar arasında bəzi prinsipial məqamları göz önünə gətirəndə, bazar günü “Neftçi Arena”nın əsl döyüş meydanına çevriləcəyinə şübhə yeri qalmır.

* ”Neftçi” 4-ü çempionat, 2-si ölkə kuboku çərçivəsində olmaqla son 6 qarşılaşmanın hamısında “Qarabağ”a 3 və daha çox top fərqi ilə uduzub.

*”Neftçi” əzəli rəqibin qapısına Premyer Liqadakı sonuncu qolunu 1 il əvvəl, 2024-cü ilin martın 3-də vurub.

* “Neftçi” son illərin dəyişməz çempionu üzərində sonuncu qələbəni çempion olduğu ildə - 2021-in mayın 19-da əldə edib. “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma 1:0 hesabı ilə başa çatıb.

* “Neftçi” bu stadionda “Qarabağ” üzərində sonuncu qalibiyyətini 7 il əvvəl – 2018-ci ilin oktyabrın 28-də qazanıb. 2018-19 mövsümünün 9-cu turuna təsadüf edən qarşılaşmada bakılılar ağdamlıları 3:1 hesabı ilə məğlub etmişdi.

Bütün bunları göz önünə gətirəndə, oyundakı mümkün gərginliyi və prinsipiallığı təsəvvür etmək çətin deyil.

Statistik rəqəmləri alt-üst etmək, ölkə futbol ictimaiyyətinə “qayıtdım” mesajını vermək üçün “Neftçi”nin əlinə yaxşı imkan düşüb. Amma bir şey də var ki, “Qarabağ”dakılar da azarkeşlərini sevindirmək üçün əllərin gələni edəcəklər. Gözləyək...

Fevralın 16-da “Neftçi Arena”da baş tutacaq oyunun start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”