AFFA İcraiyyə Komitəsi baş katib vəzifəsinə Cahangir Fərəcullayevin təyin olunması ilə bağlı qərar qəbul edilib.
Redaksiyamız onunla bağlı bəzi yeni məlumatlar toplayıb.
Əldə etdiyimiz bilgiyə görə, onun namizədliyi Balakişi Qasımov tərəfindən irəli sürülüb. Federasiyanın vitse-prezidenti vəzifəsini tutan İTV-nin rəhbəri C.Fərəcullayevlə uzun müddətdir tanışdır.
Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb və fərqlənmə diplomlarla bitirib.
2004-2019-cu illərdə Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil konsultant kimi çıxış edib.
2019-2020 illərdə “Caspiantech” şirkətinin baş direktoru olub. 2021-ci ildən 2025-ci ilə qədər “Azərlotereya” ASC-də baş direktorun müşaviri və LMK şirkətinin baş direktoru vəzifəsində çalışıb.
LMK Balakişi Qasımova yaxın şirkətdir. De-yure olmasa da, bura nəzarət ona tapşırılıb. Fərəcullayev “Azərlotereya”ya də sözügedən vitse-prezidentin məsləhəti ilə müşavir təyin olunub.
AFFA-nın baş katibi vəzifəsini son olaraq Sərxan Hacıyev yerinə yetirib. 2022-ci ilin mayında, Elxan Məmmədovun FİFA-nın Paris ofisinə yollanacağı dəqiqləşən kimi bu vəzifəyə yiyələnib.
2024-cü ilin aprelində icraçı vitse-prezident postu da ona etibar olunub. Elə həmin vaxt açıqlama verilmişdi ki, Hacıyev baş katib funksiyasının müvəqqəti icraçısıdır, yerinə uyğun namizəd tapılanda dəyişiklik olacaq.
SPORTİNFO.AZ