“Qarabağ” bu axşam Avropa Liqasının Liqa mərhələsində sonuncu ev matçına çıxacaq.
Rəqib hər birimizə məlum olduğu kimi, əsasən “Styaua” kimi tanıdığımız FCSB-dir.
27 qat Rumıniya çempionu ilə qarşılaşmanın ağdamlılar üçün rahat keçəcəyini düşünənləri bu gümandan daşınmağa səsləyən faktlar var ki, bu barədə bəhs edəcəyik.
Ötən mövsüm avrokuboklarda istədiyi nəticələrə nail olmayan Buxarest təmsilçisi Konfrans Liqası ilə erkən – 3-cü mərhələdə “Nordşelland”a uduzaraq vidalaşmışdı.
Avropadakı uğursuzluq “qırmızı-göylər”i daxili çempionata kökləyincə, kiprli Elias Çaralambusun çalışdırdığı komanda 2023/24 mövsümünü Rumıniya çempionu kimi başa vurub yayda Çempionlar Liqasında mübarizəyə qoşuldu.
Burada ilk mərhələdə San-Marino “Virtus”una göz açmağa imkan verməyən rumınlar, evdə 4:0, səfərdə 7:1 hesablı qələbələrlə Təl-Əviv “Makkabi”sinə rəqib oldu.
İsrail çempionu da mübarizədən kənarlaşdırıldı – Rumıniyada 1:1 qeydə alındı, İsraildə FCSB yeganə qolla istəyinə çatdı.
Üçüncü mərhələsə “Qarabağ”ın qarşısını bəlkə də əksəriyyətin gözləmədiyi halda Praqa “Sparta”sı kəsdi.
Çexlər səfərdə 3:2 hesabı ilə qazanıb, evdə 1:1 oynamaqla ÇL-in pley-offuna vəsiqə qazandı, rumınlar isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirdi.
Burada Avstriya LASK-ını üstələyən FCSB (1:0, 1:1) “Qarabağ” kimi Liqa mərhələsinə yüksəldi.
“Qırmızı-qaralar” Liqa mərhələsində 6 oyun keçirib. Öz meydanında baş tutan görüşlərin heç birində məğlubiyyət qeydə alınmayıb.
FCSB – RFS (Larviya) 4:1
FCSB - “Midtüllann” (Danimarka) 2:0
FCSB – “Olimpiakos” (Yunanıstan) 0:0
Səfərdə daha 3 görüş keçirən son Rumıniya çempionu 1 yenilgi ilə üzləşib.
PAOK (Yunanıstan) – FCSB 0:1
Reyncers (Şotlandiya) – FCSB 4:0
Hoffenhaym (Almaniya) – FCSB 0:0
6 oyundan sonra aktivində 11 xal olan FCSB 36 komanda arasında 10-cu pillədə qərarlaşıb ki, Liqa mərhələsini 16 ən yaxşı komanda arasında başa vurmaq şansı kifayət qədər yüksəkdir.
Beləliklə, cari avrokubok mövsümündə 14 oyun keçirən Rumıniya nəhəngi bu matçların 7-də qələbəni bayram edib. 5 duel heç-heçə başa çatıbsa, 2 qarşılaşmada sevinən tərəf rəqiblər olub.
Bu oyunlardan 7-si səfərdə keçirilib. FCSB bu mövsüm yad meydanında mübarizə apardığı görüşlərin yalnız 1-də “Reyncers”ə boyun əyib.
Hazırda davam edən Rumıniya çempionatındakı son vəziyyətə gəlincə, 22 turdan sonra aktivində 38 xal olan “qırmızı-göylər” lider “Universitatya Kluj”dan cəmi 2 xal geridə qalır.
Maraq üçün bildirək ki, FCSB-nın heyətindəki legionerlərin sayı iki əlin barmaqlarının sayı qədər deyil. Komandanın özəyini əsasən rumın futbolçular təşkil edir.
Rəqibin ən təhlükəli simaları kapitan Darius Olaru, Rumıniya millisinin üzvü Adrian Şut, komandanın “vuran ayağı” Corc Birliqya hesab olunurlar.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 21:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ