Avropa Liqasında "Qarabağ"ın Rumıniyadan FCSB ilə oyununu idarə edəcək Filip Qlova daha əvvəl də Azərbaycan təmsilçilərinin matçına təyinat alıb.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı ədalət təmsilçisi Azərbaycanın əsas və U-21 yığmasının, həmçinin "köhlən atlar"ın avrokubok görüşündə iş başında olub.
İlk belə matç 2018-ci ilə təsadüf edib. U-21 FIFA referisinin idarə etdiyi Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmasında səfərdə İrlandiyaya uduzub - 0:1
F.Qlova 2019-cu ildə ölkəmizə gəlib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - APOEL (Kipr) oyununun (2:2) baş hakimi olub.
2016-cı ildən beynəlxalq təyinat alan ədalət təmsilçisi 2020-ci ildə Azərbaycan millisinin səfərdə Kipri 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada da fit çalıb.
Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.