“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.
QSC-dən verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.
“Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil. Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.
“Bakı Metropoliteni” QSC metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib.
Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.
İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq”, - qurumun yenilənmiş məlumatında bildirilib.
İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi.