Yanvarın 4-də saxlanılan Ermənistanın “Milli Qəhrəmanı”, general-mayor Tiran Xaçatryan barəsində iki aylıq həbs qərarı çıxarılması barədə məlumat vermişdik.
Generalın arvadı ittihamlarla razılaşmayaraq “ola bilsin ki, müharibədə ölmədiyinə görə günahlandırılır” deyib.
Ermənistan İstintaq Komitəsi isə yanvarın 5-də Baş Qərargah rəisinin keçmiş müavini Xaçatryana ittihamların təfərrüatlarını təqdim edib.
Keçmiş yüksək rütbəli hərbçi Dağlıq Qarabağda 44 günlük müharibə zamanı cənub qoşun qrupuna komandanlığa zamanı səhlənkarlıq etməkdə ittiham olunur.
İstintaqın məlumatına görə, o, oktyabrın 7-dən oktyabrın 17-dək olan müddətdə komanda məntəqəsi yaratmayıb və bir sıra digər komanda funksiyalarını yerinə yetirməyib. Lakin o, məhz “44 günlük müharibədə göstərdiyi şücaət və hərbi xidmətlərə görə qəhrəman adına layiq görülüb”.
Vəkilləri əvvəl gündən Xaçatryana qarşı irəli sürülən ittihamları rədd edirlər. Xaçatryanın vəkilləri ittihamların kifayət qədər sübuta əsaslanmadığını əsas gətirərək, məhkəmənin qərarından apelyasiya şikayəti vermək niyyətində olduqlarını bəyan ediblər. Onlar da vurğulayırlar ki, bu səviyyədə qərarlar kollektiv şəkildə qəbul edilib və təkcə bir şəxsdən asılı olmayıb.
Ermənistanın siyas təşkilatlarında da bu həbsə etirazlar var. Bildirilir ki, Paşinyan rejimi Ermənistan ordusuna, “onun layiqli zabit və generallarına genetik nifrət bəsləyir”. O da iddia olunur ki, mövcud rejim bu repressiya yolu ilə, birincisi, müharibədə məğlubiyyətə görə bütün məsuliyyəti Ermənistan ordusunun, onun layiqli zabit və generallarının üzərinə yıxmaq, ikincisi, hərbi sahədən keçmiş təcrübəli və layiqli hərbçiləri zərərsizləşdirməyə çalışır. Bu ittihamlarla generalı 5 ildən 10 ilədək müddətə həbs cəzası gözləyir.
“Ayakve” milli vətəndaş birliyi hakim rejim tərəfindən “siyasi təqiblərin bu təzahürünü” qəti şəkildə pisləyir, Tiran Xaçatryanın dərhal azadlığa buraxılmasını və ona qarşı saxta ittihamlarla qaldırılmış cinayət işinə xitam verilməsini tələb edir.
Tiran Xaçatryan 20 iyul 1971-ci ildə Ermənistan SSR-də anadan olub. 1991–1994-cü illərdə könüllü dəstələrdə, sonra Daşnaksütyun partiyasının Şuşa batalyonunda döyüşüb. Serj Sərkisyanın dövründə o, Ermənistan Silahlı Qüvvələrinin Döyüş Hazırlığı İdarəsinin rəisi təyin edilib. 2020-ci ildə o, Ermənistan Baş Qərargah rəisinin birinci müavini təyin edilib.
Tiran Xaçatryanın karyerasında problemlər Paşinyanın “İsgəndər” raketlərinin istismarı ilə bağlı dediyi ironik bəyanatdan sonra başlayıb. Xaçatryan Paşinyanın Rusiya silahlarının işi ilə bağlı tezisini “10%”lə ələ salıb.
Eyni zamanda, Xaçatryan Ermənistanın 40-dan çox yüksək rütbəli zabiti ilə birlikdə Paşinyanın istefasını tələb edən bəyanat imzalayıb.