2024-cü ilin ən yaxşı futbolçusu nominasiyasında əsas mübarizənin Toral Bayramovla Elvin Cəfərquliyev arasında gedəcəyi sirr deyil.
“Qarabağ”lıların biri qalib olacaq, digəri ikinci yeri tutacaq.
Üçüncü yerə əsas namizəd kimi Azərbaycan millisinin və Almaniya “Nürnberq”inin üzvü Mahir Emreli göstərilir.
Əsas sual – o, buna layiqdirmi?
Mahir ilin birinci yarısını Xorvatiyada – “Dinamo”nun heyətində keçirib.
Bu ilin ilk aylarını zədə səbəbindən boşa verib, zədəsini sağaldandan sonra demək olar şans qazanmayıb. Mayda cəmi 2 matçın iştirakçısı olub ki, birində 45, digərində 25 dəqiqə oynayıb.
Xorvatiya kubokunun və Konfrans Liqasının 2024-cü ilə təsadüf edən görüşlərində yaşıl meydanlarda görünməyib.
Yaydan sonrakı dönəmə gəlincə, “Nürnberq”in formasında II Bundesliqada 12 qarşılaşmada 782 dəqiqə şans qazanıb. Bu oyunlarda 3 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olan həmyerlimiz qarşısında 4 sarı vərəqə görüb.
Almaniya kubokunda 1 matçda 82 dəqiqə mübarizə aparan Emreli aktivinə 1 qol yazdırıb.
Azərbaycan millisinin heyətindəki çıxışı 3-ü Millətlər Liqasında, 2-si yoldaşlıq görüşlərində olmaqla 5 oyunla məhdudlaşır. 319 dəqiqə ərzində 1 qol vurub, 1 məhsuldar ötürmə verib, 1 qırmızı vərəqə alıb.
Beləliklə, Mahir Emrelinin 2024-cü ildəki statistikası belədir:
20 oyun, 5 qol, 2 assist, 1 qırmızı vərəqə.
Siz deyin, cəmi 2 ay düz-əməlli futbol oynayan ərköyün azərbaycanlı “3-lük”də olmağı haqq edirmi?
HƏBİB / SPORTİNFO.AZ