Azərbaycan futbolunun xoş gələcəyinə ümid etmək üçün ölkədə uşaq futbolundakı nöqsanlar aradan qaldırılmalıdır.
İllərdir yığılıb qalan qalaq-qalaq problemlərin nəticəsidir ki, bu gün bütün yaş qruplarından ibarət milli komandalar beynəlxalq arenalarda fiaskoya uğrayır.
Çətinliklərdən saatlarla danışsaq bitməz. Çünki nə inkişaf strategiyası var, nə şərait, nə də beynəlxalq təcrübəli uşaq məşqçiləri.
Bu dəfəki həmsöhbətimiz vaxtilə ölkənin istedadlı futbolçularının yetişdiyi şəhərdə - Gəncədə yaşayan Orxan Verdiyevdir. Hazırda “Azəri” klubunda fəaliyyət göstərən təcrübəli mütəxəssislə məlum mövzu ilə bağlı söhbətləşdik.
- Neçə ildir məşqçi kimi çalışırsınız?
- 2011-ci ildən məşqçi işləyirəm. Uşaq futbolu ilə yanaşı, “Kəpəz”in əsas və əvəzedici, eləcə də U-19 komandasında çalışmışam. Hazırda “Təhsil”in nəznində fəaliyyət göstərən “Azəri” komandasındayam.
- Vaxtilə ölkə futbolunun “Məkkə”si hesab olunan Gəncədə gənc və yeniyetmə futbolundakı vəziyyət necədir?
- Çox bərbad, çox bərbad. Çətinliklər o qədərdir ki. Bunları bir müsahibəyə sığdıracaq dərəcədə qısa danışmağın özü də məşkül məsələdir.
- Vacib nöqtələrə toxunaraq bacardıqca lakonik danışaq.
- Ən böyük problem şəraitsizlikdir. Təfərrüata varmaq uzunçuluq olar. Uşaq futbolundakı durumu yaxşı bilirsiniz. Gəncləri narahat edən əsas məqamlardan biri maaşların yox dərəcəsində az olmasıdır. Aşağı yaş qruplarını demirəm, təkcə əvəzediciləri misal çəkə bilərəm. U-16, U-17, U-19 komandalarında vəziyyət bundan da betərdir. 10-15 il əvvəl şadlıq saraylarındakı ofisiantlar ən pis halda hərbi xidmət dövrünü başa vuranlar idi. 20-21 yaşından işləməyə başlayırdılar. İndiki durum üzücüdür. Bu dəqiqə futbolçuların əksəriyyəti kafe-restoranlarda, şadlıq evlərində ofisiant işləyir. Səhər gəlib məşq edir, ya da günorta oyuna çıxır, axşam gedib restoranda müştərilərin qabağına yemək aparır. Açığı, özüm də 16-17 yaşlı uşağa böyük məbləğdə maaş verilməsinə qarşıyam. Ancaq mövcud durum elədir ki, ailəyə kömək edirlər, yaxud öz xərclərini qarşılamaq üçün işləyirlər. Halbuki, futbolda özlərini qane edəcək əməkhaqqı alsalar, ofisiantlıq haqda düşüməzlər. Valideyn var ki, nəinki buts ala bilmir, hətta övladına yolpulu verməyə belə gücü çatmır. Futbolçu bilmir futbolunu oynasın, hazırlığa getsin, oyundan sonra işi fikirləşsin, yoxsa iş tapmaq haqda düşünsün. Təəssüf ki, klublar bu məsələyə qeyri-ciddi yanaşırlar.
- Bu tərəfini başa düşdüm. İnkişaf üçün şərait hansı səviyyədədir?
- Sizə bir fakt deyəcəyəm. AFFA, yaxud PFL lisenziyalaşdırmada aşağı yaş qruplarından ibarət komandaların formalaşdırılması ilə bağlı tələbi götürsə, inanın, 3-4 klubu çıxmaq şərti ilə hamısı uşaq futbolundan əlini çəkəcək. 1-2 yaş qrupu saxlayacaqlar, vəssalam. Klub rəhbərlərinin bir çoxuna uşaq futbolu lazım deyil, vallah-billah candərdi saxlayırlar. Açıq danışaq, uşaq futbolu heç kimimn vecinə deyil. Ona görə də şərait bərbad səviyyədədir.
- Futbolçuların müəyyən yaşdan sonra futboldan uzaq düşməsində, yaxud övladlarının sevimli idman növü ilə istədiyi formada məşğul olmamasında valideynlərinin rolu nə qədərdir?
- Bu kimi mövzularda nümunəni hamıdan əvvəl özümdən çəkməyi xoşlayıram. Allah bütün balaları saxlasın, oğlum U-9 komandamızda oynayır. Ancaq mən onun futbolçu olmasını istəmirəm. Özüm bu işin içindəyəm, futbol oynamışam, məşqçi işləyirəm, bilirəm ki, Azərbaycan futbolunun durumu xoş deyil. Yaşı artıqca təhsilə daha çox önəm verməsini tövsiyə edəcəm. 20-30 il əvvəl ailədə uşaqların sayı 4-5, hətta daha çox olurdu. Uşaqlardan 2-3-ü oğlan olanda, biri güləşə, digəri cüdoya, ən azı 1-i futbola yazılırdı, futbolçu olmaq istəyirdi. İndiki ailələrin çoxunda 1-2 uşaq var, övladını futbola yazdıranların əksəriyyəti uşağın sağlam böyüməsini, boş vaxtlarını səmərəli keçirməsini istəyir. Ölkə futbolunun durumu ürəkaçan deyil deyə, valideynlər oğlunun futbolçu olmasında əvvəlki qədər istəkli deyil. 100 uşaq futbola gedirsə, onlardan ən yaxşı halda 20-30 nəfərin valideyni övladını gələcəkdə futbolçiu görmək istəyir. Şəraiti görürlər, futbolumuzun hazırkı vəziyyətinə baxırlar və fikirləşirlər ki, riskə gedib illəri boşa verməyək. Futboldansa, başqa idman növü ilə məşğul olsun, ya da təhsil alsın. Bir nümunə deyim.
- Buyurun.
- Bizdə bir uşaq var idi, Məhəmmədəli Həsənli, 11 yaşında onu “Qalatasaray”a göndərmişdik. Məhəmmədəlini 200-300 nəfərin arasından seçib “Qalatasaray”a qəbul etmişdilər. Valideynlərinə şərt qoymuşdular ki, 14 yaşına qədər uşağın yanında qalmalısınız. Səbəbini soruşanda demişdilər ki, uşaq sizin üçün darıxmamalıdır, fikrini futbola cəmləməlidir və biz görməliyik ki, siz övladınızın futbolçu olması üçün hər cüt çətinliyə qatlaşmağa hazırsınız. Yəni futboldan əvvəl işin psixoloji tərəfini düşünürlər. Özüm də valideyn olaraq valideynləri çox yaxşı başa düşürəm.
- Elə buna görə yaş artdıqca futbolçuların sayı azalır.
- Bayaq maraq üçün statistikaya baxırdım. Azərbaycanın 8-9 zonasında 13 yaşlılar arasında çempionat davam edir. Bu, hardasa 125-130 komanda deməkdir. 130 komandanı 18-20 nəfərlik heyətlə göz önünə gətirsək, təxminən 2400-2600 uşaq futbolla məşğul olur. Bir də 15 yaşlıların çempionatına və sayına baxaq. Ümumilikdə 14-15 komanda var ki, onu da 20 nəfərlik heyətlə hesablayanda, 300 nəfər edir. Təsəvvür edin, 2 ilin ərzində 2000-dən çox uşaq futboldan uzaqlaşır. Çünki yaş artır, valideyn perspektiv görmür, şəraits razı salmır, yekunda uşaq futboldan ayrılır. U-17, U-19 komandalarında say azalır, əvəzedici komandaya çatanda biabırçı durum yaranır. Onlar da Premyer Liqada oynamaq şansı qazanmır. Bir neçə il əvvəl Premyer Liqada yaşla bağlı limit məcburiyyəti olmasaydı, bu gün millidə oynayan futbolçuların çoxu indi Allah bilir hardaydı. Bəhlul Mustafazadə məhz həmin dönəmdə şans qazandı, üzə çıxdı. Yoxsa kim idi Bəhlulu Premyer Liqada ən həssas mövqe olan mərkəz müdafiəçisi kimi oynadan? Yaxud Rövlan Muradovu, Qismət Alıyevi, Ömər Buludovu.
- Maliyyə, valideyn, şərait – demək olar bütün mövzulara toxunduq. Uşaq məşqçiləri ilə bağlı vəziyyət necədir? Sizcə, Azərbaycanda beynəlxalq standartlara cavab verən mütəxəssislər var?
- Təvazökarlıqdan uzaq, Gəncədə hər nə qədər perspektivli məşqçilərdən sayılsam da, özümü də həmin siyahıya qataraq deyirəm ki, Azərbaycanda beynəlxalq tələblərə cavab verən məşqçilərin sayı yox dərəcəsində azdır. Ad çəkmək istəmirəm, bir neçə nəfər var, ancaq onlar da hazırda layiq olduqları yerdə deyil. Özüm də daxil, savadımızı artırmağa, təcrübə toplamağa, bu sahədə inkişaf etməyə ehtiyacımız var. “Kəpəz”də işlədiyim dönəmdə klub rəhbərliyi ilə bu barədə söhbətimiz olmuşdu. İdarə Heyətinin sədri İlqar Nadiri xarici ölkələrin birində təşkil olunan seminarda iştirak etmək, təcrübə toplamaq istədiyimi bildirmişdi. Sonradan iki yerdə çalışmağın mümkünsüzlüyü ilə bağlı tələbə görə “Kəpəz”dən ayrıldım deyə, o işi həyata keçirə bilmədik.
-Tez-tez əsas millinin uğursuzluğundan danışırıq. Lakin unutmayaq ki, aşağı yaş qruplarından ibarət yığmaların nəticələri də biabırçıdır. Və həmin futbolçuları siz məşqçilər yetişdirirsiniz.
- Bəli, bu gün biz məşqçilərin beynəlxalq təcrübə əsasında futbol savadının artırılmasına ehtiyac var. Kim nə deyir desin, uşaq futbolunun indiki vəziyyətinə görə biz məşqçilərin hansısa mənada payı var. Bəlkə nəyisə düz etməmişik, bəlkə nəyəsə göz yummuşuq, bəlkə hansısa problemi görüb deməmişik. Hamımız əl-ələ verib, düzgün inkişaf planı əsasında hazırkı vəziyyətdən çıxa bilərik.
Həbib Aslanov
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.