COP29

5 il əvvəl pizza hazırlayırdı, indi qol vurur… FOTOLAR

13 Dekabr 08:50 Araşdırma 344
5 il əvvəl pizza hazırlayırdı, indi qol vurur… FOTOLAR

5 il əvvəl pizza hazırlayırdı, indi Çempionlar Liqasında qol vurur…

Söhbət “Brest” klubunun futbolçusu Yulien le Kardinaldan gedir.

2019-cu ildə Yulien tamamilə fərqli bir həyat yaşayırdı.

O, kiçik Saint-Brieuc şəhərindəki pizza restoranında işləyirdi, burada hər gün xəmir yoğurur və pizza hazırlayırdı. Velosipedlə sifarişlərləri çatdırırdı. Bundan başqa o, bağban, sürücü və s. kimi işlərdə də çalışıb.

Onun o vaxtkı futbol tarixi də tribunalar tərəfindən alqışlanmaqdan çox uzaq idi. Kardinal ayda 150 avroya həvəskar liqalarda oynayırdı və artıq yaşıl meydanları, topları, penaltiləri unudub, stabil iş axtarmaq barədə ciddi düşünürdü.

Kardinal müsahibəsində deyib:

“Çətin vaxtlar idi. Həyatımın çox hissəsini işə həsr etmişəm. Çünki işləmirsənsə, pulun yoxdur. Yerli klubda oynayanda ayda 150 avro alırdım. Deməli, 18 və ya 19 yaşınız tamam olanda... “Del Arte” restoranı var idi. Mən makaron bişirməyə başladım (gülür). Bir az bezdirici oldu. Kimsə işdən çıxdı, ona görə də mən qəlyanaltılara və desertlərə keçdim. Sonra pizza hazırlamağa başladım. Amma o qədər də yaxşı deyildim...

Müvəqqəti olaraq fabrikdə də işləmişəm. Supermarketə mal göndərərək komponent işçisi kimi də çalışmışam. Bir gün forklift sürücüsü kimi işə düzəldim. Bütün bunlar 17-19 yaş arasında baş verib”.

Ancaq tale üzünə güldü...

Həyat yoldaşı ilə tanışlığı karyerasında dönüş nöqtəsi oldu.

“Ya futbola qayıdıb öz həyatına ciddi yanaşmağa başlayarsan, ya da həyatın boyu yarım ştatlı işlərə davam edəcəksən”, - deyə həyat yoldaşı Yulienə deyib.

Bu sözlər Yulien üçün əsas motivasiya qaynağı olub və meydanlara qayıdıb.

2019-cu ildə “Bastia”ya qoşuldu. Məşqçilər onun əzmkarlığını və zəhmətini tez qiymətləndirdilər. Komanda yoldaşları onun məşqlərdə çox məsuliyyətli olduğunu deyirdilər.

2022-ci ildə Yulien “Paris”lə müqavilə imzaladı. Daha sonra o, ailəsi ilə birlikdə paytaxtın səs-küyündən uzaqda Arrasda məskunlaşıb. Lakin bu sakitlik uzun çəkməyib.

Altı ay sonra “Lens” onunla maraqlanmağa başladı və yeni kluba keçmək üçün Yulien böyük fədakarlıqlar etdi. Maaşının azaldılmasına razı oldu və hətta gəlirinin bir hissəsini kluba köçürdü.

O, Liqa 1-də oynamaq şansı üçün hər şeyi riskə atmağa hazır idi. Ancaq “Lens”də onun yolu açılmadı. Futbolçu 8 ayda cəmi 10 matç oynaya bildi.

Bununla belə, o, bundan maksimum yararlandı. Ən yaxşı oyunçuları izlədi və özünə inamını heç vaxt itirmədi.

Tezliklə tale ona yenidən şans verdi.

O, “Brest”ə icarəyə göndərildi və sonra klub onu birdəfəlik transfer etdi. Məhz burada Kardinal öz potensialını ortaya qoydu.

Nəhayət 2024-cü il Yulien üçün əlamətdar il oldu. Çempionlar Liqasının ümumi mərhələsinin altıncı turunda müdafiəçi Avropanın əsas klub turnirində ilk qolunu vurdu.

Bu, PSV ilə matçda baş verdi və qol oyun üçün həlledici oldu. Yeganə qolun müəllifi olan futbolçu “Brest”ə qalibiyyət gətirdi.

Bir neçə il əvvəl tamam fərqli sahələrdə qaçaqaçla işləyən gənc, bu gün “Barselona”, “Real Madrid” də daxil olmaqla, futbol nəhənglərinə qarşı meydana çıxır.

“Brest” turnirdə top klubları geridə qoyaraq, cədvəldə 7-ci yeri tutub. Komandanın uğurunda həlledici töhfə verənlərdən biri də Yuliendir (qafqazinfo).

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!