COP29

Burada daha hansı komandaların “ev”i yıxılmayıb ki... Səbəbini siz də bilin!

12 Dekabr 20:40 Araşdırma 252
Burada daha hansı komandaların “ev”i yıxılmayıb ki... Səbəbini siz də bilin!

Bu gecə gözlərimiz və qulaqlarımız İsveçdə olacaq.

Avropa Liqasında mübarizə aparan “Qarabağ” sözügedən turnirin Liqa mərhələsinin VI turunda səfərdə “Elfsborq”la qarşılaşacaq.

Rəqibin böyük ad-sana sahib olmaması, beynəlxalq arenalarda uğur qazanmaması və ən əsası, ağdamlıların Skandinaviya komandaları ilə matçlardan başıuca ayrılması “Qarabağ”ın qələbə qazanacağı ehtimalını artırır.

Lakin “Buros Arena”da meydanı sərfəli nəticə ilə tərk etmək heç də asan iş deyil.

6 qat İsveç çempionu cari mövsümdə Avropa Liqasında öz meydanında 6 oyun keçirib ki, bunların yalnız 1-də məğlub olub.

Təsnifat mərhələsinin I mərhələsində Kipr “Pafos”unu 3:0 hesabı ilə udub.

II mərhələdə Moldova “Şerif”indən üstün olub – 2:0.

III mərhələdə Xorvatiyanın köklü “Riyeka” klubuna eyni hesabla qalib gəlib.

Pley-offda Norveç “Molde”sinə 0:1 hesabı ilə boyun əyib.

Liqa mərhələsinə gəlincə, İtaliya “Roma”sını İtaliyaya 0:1 hesablı məğlubiyyətlə yola salıb, “Braqa” ilə bərabərə qalıb – 1:1.

Statistikadan da göründüyü kimi, “Elfsborq” özünün xeyrinə işləyən ağır hava şəraitindən və süni örtük amilindən lazımınca yararlanmağı bacarır.

Belə olmasaydı, ötən ay İsveç çempionatını 7-ci pillədə başa vuran və daxili yarışda 30 oyunun 11-də məğlub olan “sarı-qaralar” avrokuboklarda 6 ev qarşılaşmasının cəmi 1-də uduzmazdı.

4 qələbə, 1 heç-heçə, 1 yenilgi, vurulan 9, buraxılan 2 top – bu, “Elfsborq” cari avrokubok mövsümündə “Buros Arena”dakı göstəricisidir.

Ümid edək ki, “Qarabağ” öz oyunu və qazanacağı inamlı qələbə ilə proqnozları alt-üst etməyi bacaracaq.

Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!
12 Dekabr 11:00 Sözdən işə keç, qazan!