COP29

19 yaşlı Fofananın atası yaşda Zubir, ulduz gürcü və Juninyo

16:40 Araşdırma 224
19 yaşlı Fofananın atası yaşda Zubir, ulduz gürcü və Juninyo

“Qarabağ” Bakıda keçirdiyi növbəti görüşdə “Lion”a yenildi – 1:4.

“Qarabağ”la “Lion”u tərəzinin gözlərinə qoysaq, Fransa klubunun gətirdiyi ağırlıq təmsilçimizi tərəzidən çox-çox uzaqlara atar.

Büdcə, şərait, təcrübə, ad-san – hər şeydə bizimkiləri üstələyir.

Ancaq “Qarabağ” meydandakı oyunu və mübarizliyi ilə aradakı uçurumu hiss etdirmədi. Əksinə, statistik göstəricilərdə üstün görünürdü. Boşa verilən qol epizodlar, tirdən və dirəkdən qayıdan iki top lionluları dərindən ah çəkməyə məcbur edirdi.

Hesab 2:0 onları xeyrinə olanda, rəqibin müdafiəçisi Omari Yankoviçin az fərqlə qapının yanından keçən zərbəsinə o şəkildə həyəcanlanması “Qarabağ”ın keyfiyyətinin göstəricisi idi.

Bəli, səviyyə fərqini özünü göstərdi. İki 100 faizlik qol şansını boşa verən Juninyodan fərqli, Mikautadze hücumçunun hansı anda necə davranmalı olduğunu ustalıqla göstərdi.

19 yaşlı Fofana atası yaşda Zubirə müasir futbolda hərəkətliliyin əsas faktor olduğunu başa saldı. Perri əla seyvləri ilə Koxalskiyə “çərçivə”yə gələn bəzi zərbələri dəf etməyin mümkünlüyünü izah etdi.

“Qarabağ” uduzsa da, başını dik tutmalıdır. Biri var döyülə-döyülə uduzmaq, biri də var döyüşüb uduzmaq. “Qarabağ” ikinci üsulla məğlub oldu deyə, alqışları haqq etdi. Ustalıq və təcrübə oyunda öz sözünü dedi.

Azərbaycanla Fransa arasında olan məsafə nə qədərdirsə, Azərbaycan futbolu ilə Fransa futbolu arasındakı uçurum fərqi də azı o qədərdir. “Qarabağ” fərqi göstərməməyə çalışsa belə...

Düzəltməli olduğumuz çox şeylər var. “Qarabağ”dakıların zəhməti sayəsində dünyaca ünlü klubların Azərbaycana gəlməsiylə iş bitmir.

Hamı bir nəfər kimi işləməlidir. AFFA-dakılar, klublara rəhbərlik edənlər, uşaq futbolunda saç ağardanlar, lap elə biz jurnalistlər də. Hamımız.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti