Yunan-Roma güləşi üzrə millimizin sabiq üzvü Taleh Məmmədovun adından istifadə olunaraq dələduzluq edilməsi faktı ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar.
Sportinfo.az xəbər verir ki, bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev məlumat verib.
O, hər kəsi diqqətli olmağa çağırıb:
"Vətəndaşlar kiberdələduzların qurbanı olmamaq üçün müxtəlif sayt və sosial şəbəkələrdə şirnikləndirici vədlərə aldanıb şübhəli linklərə keçid etməməli, heç bir halda bank və digər şəxsi məlumatlarını qarşı tərəfə ötürməməli, tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamalıdırlar.
Qeyd edilən məsələ ilə bağlı hazırda müvafiq polis orqanında araşdırma aparılır".
Taleh Məmmədova qarşı dələduzluq edilib. O. bir neçə məşhur idmançının adından istifadə edilərək külli miqdarda pul vəsaiti toplandığını bildirib.
"Mənə olimpiadanın, dünya çempionatının mükafatçısı və Avropa çempionu Teymur Məmmədovdan mesaj gəldi ki, ustadayam, kartımda pulum bitib.
Təcili olaraq 200 manat pul istədilər. Mən də zəng etmədən pulu göndərdim.
Həmin adamın məndə nömrəsi yox idi. Qonşuyuq, ona görə dedim, insandır, hər şey ola bilər.
Daha sonra mənə zəng gəldi. Dedilər ki, sənin adından bizdən pul istəyirlər, bu, sənsən?
Ondan sonra bildim ki, aldanmışam. Teymur Məmmədova zəng etdim və o da bildirdi ki, 1 həftədir mənim adımdan da pul yığırlar".
Veteran güləşçi, artıq bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də vurğulayıb:
"Mənim və bir neçə idmançının adından istifadə edilərək pul yığılır. Artıq mənim adımdan istifadə edərək, 3-4 min manatadək pul alıblar.
Bizim adımızdan bunu istəyən olsa, xahiş edirəm, heç kim verməsin. Artıq hüquq-mühafizə orqanlarına müraciət olunub və bunu edənlər, yəqin ki, tapılacaq" (idman.biz).
Bundan əvvəl Azərbaycan millisinin futbolçusu Mahir Emreli də eyni halla üzləşib.