Azərbaycan millisinin UEFA Millətlər Liqasının V turunda Estoniyaya qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.
Qəbələ şəhər stadionunda təşkil olunacaq görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Meydanda əsas söz sahibi Con Biton olacaq. Laynsman qismində ona həmyerliləri Daniel Makfarlanla Deyvid Makqeçi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Metyu Makdermid yerinə yetirəcək.
İxtisasça rabitə meneceri olan 42 yaşlı ədalət təmsilçisini kifayət qədər təcrübəli ad hesab edə bilərik.
O, 2012-ci ildən Şotlandiyanın yüksək dəstəsinin oyunlarını idarə edir. Elə həmin il FİFA və UEFA-nın bayrağı altında keçirilən matçlara təyinat almağa başlayıb.
Azərbaycan və “Qarabağ” adı Bitona yaxşı tanışdır. Britaniyalı referi karyerası ərzində klub turnirlərində bizimkilərin 4 oyununu idarə edib ki, bütün hallarda meydanda olan komandalardan biri “Qarabağ” olub.
Maraqlısı odur ki, bu, onun Azərbaycana ilk səfəri deyil.
Conun “köhlən atlar”la yolu ilk dəfə 2016-cı ildə kəsişib. Həmin vaxt Qurban Qurbanovun çalışdırdığı kollektiv Yunanıstanda PAOK-un qonağı olub.
Avropa Liqasının qrup mərhələsi çərçivəsində gərgin keçən dueldə təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib.
2019-cu il, bu dəfə də Avropa Liqasının qrup mərhələsi, bu dəfə də səfər oyunu və rəqib “F91 Düdelanj”. Erməni təxribatçıların stadionun üzərində qondarma respublikanın bayrağını dronla dalğalandırdığı məlum qarşılaşmada uzun müddət fasilə yaranmış, Biton rəqib futbolçuya qırmızı vərəqə göstərmiş, nəticədə “Qarabağ” rəqibini 4:1 hesabı ilə darmadağın etmişdi.
2020-ci ilin payızı. Ağdamlılar bu dəfə İsraildə “Makkabi”nin qonağı olub. Qarabağ müharibəsi dövrünə təsadüf edən oyunda Təl-Əviv təmsilçisi Kohenin 10-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb.
Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda hakim hər iki komandanın 4 futbolçusuna sarı vərəqə göstərib. “Köhlən atlar” isə ilk dəfə Bitonun gözləri qarşısında uduzub.
Və ötən ilin sentyabr ayı. Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Molde”ni qəbul edən “Qarabağ” 1:0 hesabı ilə qələbə qazandığı matçda Con baş hakim kimi iş başında olub. Leandro Andradenin fərqləndiyi qarşılaşmada şotland referi futbolçulara 7 sarı vərəqə göstərib.
Səbəbkar Azərbaycan millisinin oyununu da idarə edib. 2019-cu ildə yığmamız AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Slovakiya ilə qarşılaşanda, meydanda yaşananlara məhz Con nəzarət edib.
5 il əvvəl iyunun 6-da “Neftçi Arena”da baş tutan görüşdə rəqib bizimkiləri darmadağın edib – 5:1.
Odur ki, şotlandiyalı referi millimizin əksər üzvlərini “Qarabağ”dan xatırlayır.
Noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya görüşünün start fiti saat 18:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ